Səni təbrik edirəm, çempion! – İlham Əhmədovun hekayəsi

Səni təbrik edirəm, çempion!

(Atamın əziz xatirəsinə həsr edirəm)

İkinci növbənin başlanmasından xeyli vaxt keçsə də, otaqda kimsə yox idi. Rüstəm müəllim əllərini boynunun arxasında daraqlayaraq ikinci mərtəbənin pəncərəsindən rayonu iki yerə bölən geniş asfalt yola, yenicə tumurcuqlanmış ərik agaclarına,səkinin qıraqları ilə səliqə ilə əkilmiş zanbaq güllərinə xeyli tamaşa etdi. Gözəl bir yaz günü onda nə qədər xoş ovqat yaratsa da, ruhundakı boşluğu doldura bilmədi. Otaq yoldaşları nədənsə yubanırdı. Birdən yadına düşdü ki, bu gün maaş günüdür.

Adətən, belə günlərdə yalnız xanım işçilər —- onlar da idarədə çox deyildilər — oturardılar. Kişi əməkdaşlar isə o tində, bu tində idarəyə gələn məktəb direktorları ilə haqq-hesab çəkərdilər. Nə qədər iyrənc mənzərə olsa da, Bəşir müəllim idarədə bu mühiti yaratmışdı. Bəlkə də, gəncliyindən irəli gəlirdi, ancaq Rüstəm müəllim belə şeyləri qəbul edə bilmirdi. Oxuduğu saysız-hesabsız kitabların da elə mənfi qəhrəmanları rüşvət alan idarə müdirləri olurdu ki, onların da son aqibəti yaxşı bitmirdi. Maaş veriləndə onun işlədiyi təhsil idarəsi böyük bazarı xatırladırdı. Həm də Rüstəm müəllimi daha çox düşündürən bu işlərin yenicə qazanılmış müstəqillikdən sonra, ölkədə müharibənin getdiyi bir vaxtda və hamının gözünün qabağında baş verməsi idi.
Qapının ehmalca açılması Rüstəm müəllimi düşüncələrdən ayırdı. Gələn Zərifə idi. Çox yaraşıqlı və mədəni bir qız idi. İri, parıltılı gözləri, şirin gülüşü var idi. Geyimindən də hiss olunurdu ki, kasıb bir ailənin qızıdır. Rüstəm müəllimlə qisa vaxt ərzində aralarında səmimi bir münasibət də yaranmışdı.

Yüngülvarı salamlaşdılar.Uzun müddət kimsə sükutu pozmağa cəsarət etmədi.
— Uşaqlar niyə gecikir? — deyə Rüstəm müəllim güclə eşidilə biləcək bir səslə ünvansız sual verdi.

— Hamı iş başındadır, — deyə Zərifə ironik bir təbəssümlə cavab verdi.
Ortalığa yenidən lal bir sükut çökdü. Rüstəm müəllim özünü məşğul kimi göstərərək köynəyinin döş cibindən axşam xanımının yazdığı siyahını cixarıb gözdən keçirməyə başladı. Xeyli alınmalı şeylər vardı və bunları almaq üçün də çoxlu pul lazım idi. Ciblərini eşələdi. Borclarını verəndən sonra cəmi 49 manat pulu qalmışdı. Bu pulla da o qədər şeyi almaq mümkün deyildi. Lapdan yadına düşdü ki, bu günə bir toy da var, hələ dostunun da atası dünyasını dəyişib. Toya pul qalmamışdı, acaq dostunun atasının yas məclisinə isə hökmən getmək lazım idi. Qarışıq fikirlərini dağıtmaq və sıxıntıdan uzaqlaşmaq üçün dəhlizə çıxmaq istədi. Qapının ağzındaca tanış məktəb direktorlarının bir neçəsi ilə salamlaşdı. Birdən dəhlizin o biri başından onunla eyni otaqda oturan Xudaşükür müəllimin adamları yara-yara ona tərəf gəldiyini gördü. Geriyə daradığı uzun gur saçlar ağ bulud topasını xatırladırdı və onun ciddi simasına xoş yaraşıq verirdi. Ovqatının yaxşı olmaması sifət cizgilərindən aydınca sezilirdi. Başla salamlaşdılar. O, otağa daxil olan kimi stolun üstünü sildi, qəzetləri çıxarıb bir-bir vərəqləməyə başladı.

— Nə olub, müəllim, elə bil, bir az narahatsınız, — Rüstəm müəllim dedi.
Xudaşükür müəllim ağır faciə ilə üzləşmiş bir adam kimi dərindən köks ötürüb:
— Necə narahat olmayım, bala, dövlətimiz can verir, bu burjuy ünsürləri küçədəcə camaatın şalvarını çıxarır. Məndən olsa, təhsilin canına daraşan bu adamları Hitler qanunları ilə mühakimə edərdim!
—Hə,müəllim, adam belə yerdə işləməyə də utanır.Biz bir qalstuk, bir də ağ köynəklə bütün dünyanı aldadırıq. Yəni forma baxımından ziyalıyıq, məzmun etibarılə azadlıqda gəzən, toxunulmaz cibgirlər…
Söhbətin siyasi məcraya yönəldiyini görən Xudaşükür müəllim susmağı üstün tutdu. Çünki otaqlarda olan çəkişmələri, mübahisələri o dəqiqə müdirə xəbər verirdilər, bu da xoşa gəlməyən söz-söhbətə səbəb olurdu.
Çəmənli məktəbinin direktoru Oqtay müəllimin gəlişi otaqdakı ab-havanı yumşaltdı. Otağa daxil olan kimi o hamıyla səmimi salamlaşdı və Xudaşükür müəllimin yanındakı boş stulların birində əyləşdi. İki gün əvvəl Rüstəm müəllim də onun məktəbində fənn yoxlamasında olmuşdu və umumi nəticələr işin xeyrinə deyildi. Bakıya getdiyindən həmin gün məktəbdə hər şeyə onun müavini nəzarət edirdi. Sonda idarənin inspektoru Tərlan müəllimlə yaxın dost olduğu üçün arayışı bir az yüngül yazmaq tövsiyə edilsə də, Rüstəm müəllim hər şeyi olduğu kimi yazmışdı. Əslində bu gəliş Rüstəm müəllimə görə idi və Oqtay müəllim münasib bir məqam gözləyirdi ki, onunla təkbətək danışa bilsin. O, Rüstəm müəllimin ayağa durduğunu görüb tələsik Xudaşükür müəllimlə sağollaşdı və onun qarşısına keçdi:
— Rüstəm müəllim, sizinlə söhbətim olacaq, zəhmət olmasa, bir ayaq saxlayın.
Rüstəm dayandı. Oqtay müəllim ərklə onun stoluna yaxınlaşdı.
— Mən sənin həm əmin, həm dayınam. Atanla bir institutda oxumuşam. Bildiyimə görə, anan da əslən bizim kənddəndir. O gün atanla bazarda görüşdük. Haqqında xeyli xoş sözlər dedim.
Rüstəm gülümsədi:
— Bu tanışlığa mən də çox şadam, — dedi.

—Bağışla ki, siz məktəbdə olanda mən səhhətimlə bağlı Bakıda olmuşam. Ancaq müavinə tapşırmışdım ki, sizə yaxşı baxsın.
Rüstəm söhbətin uzanmasına yol vermək istəmədi:
— Hər şey lap əla oldu. Çay da içdik, çörəyini də yedik, sağ olun.
—Yoox e, mən də bir dayı kimi, əmi kimi sənə xidmət etməliyəm, — bunu deyib gözlənilmədən cibindən bir büküm pul çıxartdı və Rüstəmin köynəyinin döş cibinə soxdu.
—Siz nə edirsiniz, Oqtay müəllim, lazım deyil,— Rüstəm müəllim etiraz etdi.
Artıq Oqtay müəllim otağı tərk eləmişdi. Rüstəm müəllim isə yerindəcə quruyub qalmışdı. Çaşqın nəzərlərlə gah Xudaşükür müəllimə, gah da Zərifəyə baxır, təsəlliverici bir söz eşitmək istəyirdi.
Vəziyyətin gərginləşdiyini görən Xudaşükür müəllim başını qaldırdı, gözlərini qəzetdən ayırıb:
—Rüstəm , oğul, götür. Hamı alır, sən də al. Bir Rüstəmlə dünya düzəlməyəcək. Mənə baxma, qoca kişiyəm, pula ehtiyacım yoxdur.
Yenə fasilə yarandı . Rüstəm müəllimin döş cibindəki pulların soyuqluğu tədricən ilan zəhəri kimi bütün bədəninə yayılırdı. Vəziyyətdən xilas olmaq üçün cəld pulları çıxarıb lazımsız əşya kimi stolun üstünə tulladı:
—Yox, mənə heç nə lazım deyil, bütün pulları özünə qaytaracağam, — deyə Rüstəm sərt şəkildə mövqeyini bildirdi.
— Bala, — yenə Xudaşükür müəllim sözə başladı,— cavansan, müəllim maaşı ilə cəmiyyətlə ayaqlaşa bilməzsən. Bunun toyu var, yası var, qoşul adamlara. Almazsan, təklənərsən, hörmətin olmaz. Necə deyərlər, palaza bürün, elnən sürün.
Xudaşkür müəllim artıq nəsihətinin yersiz olduğunu gürüb sözünü kəsdi və ayağa durub dəhlizə çıxdı. Zərifə də bir uşaq marağı ilə bu söz-söhbətin nə ilə bitəcəyini gözləyir, özünü məşğul kimi göstərirdi. Bir anlığa onun baxışlarındakı saflıq, məsumluq Rüstəm müəllimi utandırdı və fikirləşdi ki, belə cəmiyyətdə bir idarə müdiri olmaqdansa, Zərifə olmaq daha şərəflidir. Zərifə də otaqda kimsənin olmadığından ürəklənib:
— Oqtay müəllim o pulu sənə rüşvət kimi vermədi. O, onsuz da, hamıya hörmət edir. Qaytarsan, hörmətsizlik olar.
Rüstəm müəllim isə heç nə eşitmək istəmirdi. Stolun üstündəki direktorların telefon nömrələrinin içərisindən Oqtay müəllimin nömrəsini tapdı. Zəng elədi. Uzun çağırışdan sonra telefonun o biri başında boğuq bir səs eşidildi.
Rüstəm müəllim əks tərəf danışmağa imkan verməyib:
— Oqtay müəllim, təcili gəlib pulunuzu götürün. Əgər gəlməsəniz, polisə zəng edəcəyəm. Yenə cavab gözləməyib telefonu bağladı. Bir qədər rahatlaşdı, elə bil , çiyinlərindən ağır bir yük götürüldü.
İş vaxtının bitməsinə az qalsa da, otaqda qəribə bir ab-hava hökm sürürdü. Hamıdan da çox Rüstəm müəllim narahat idi. Bu gün onun həyatında ən uğursuz gün idi və o, vicdanı, ona rəğbət bəsləyən insanların qarşısında cinayət eləmişdi.
Bir azdan qapı açıldı, Oqtay müəllim əsəbi halda otağa daxil oldu:
— Nədi, nə olub? — sınayıcı nəzərlərlə Rüstəmə baxdı.
— Pulunuzu götürün, —Rüstəm sərtləşdi, — siz bu hərəkətlə həm məni, həm də qanunlarımzı təhqir edirsiniz!
Oqtay müəllim Rüstəm müəllimin sözlərinin təsirindən sarsıldı. Özünü sındırmamaq üçün:

— Mənimlə kitab dilində danışma. Sürüdən ayrı düşən quzunu canavar yeyər. Bu gündən sənə heç salam da vermərik, — deyib stolun üstündəki pulları götürdü və tələsik addımlarla otaqdan çıxdı.
İş vaxtının bitməsinə yarım saat qalsa da, Rüstəm müəllim günorta yemək gətirdiyi əl çantasını götürdü, heç nə olmamış kimi otaqdakılarla sağollaşıb qapıya yönəldi. Qapının sol küncündə oturan Xudaşükür müəllimlə baxışları toqquşdu:
— Sağ ol, Rüstəm! Gözümdə daha da ucaldın. Atan da sənin kimi təmiz və vicdanlı müəllimdir.
Tərifdən xoşlanmadığı üçün Rüstəm, Xudaşükür müəllimin əlini sıxıb çölə çıxdı. Asta addımlarla avtobus dayanacağına gəldi. Xeyli adam olsa da, avtobus gəlib çıxmaq bilmirdi. Fürsətdən istifadə edib yaxınlıqdakı dükana girdi, həyat yoldaşının yazdığı şeylərin bir qismini aldı.
Evə çatanda artıq yandırıcı günəş də dağların arxasında gizlənməkdə idi. Həyətə daxil olub əlindəki zənbili stolun üstünə qoydu. Əlüzyuyana gedib buz kimi soyuq su ilə yuyundu, ovuclarını qoşalaşdırıb sərin su ilə doldurdu, acgözlüklə içdi. Balaca qızları zənbili ələk-vələk eləmişdilər. Sonbeşik Nəzrin üsyan etdi:
–Ata, mənə niyə yay paltarı almamısan?
Rüstəm qızının pərişan çaçlarına sığal çəkdi, məğlub görkəmdə, gülə-gülə:
—Növbəti maaşda qızımın bu əmri hökmən yerinə yetiriləcək!
Bir azdan futbol başladı.”Qarabağ” Çempionlar liqasında növbəti oyununa çıxmışdı. Birinci oyunu uduzduğundan növbəti mərhələyə keçməsi mümküsüz idi, ancaq Rüstəm futbol azarkeşı olduğundan sona qədər oyuna baxmağa qərar verdi. Həmişə belə böyük oyunlara atası Səməd müəllimlə birgə baxardılar. Atası da futbol xəstəsi idi. Ata evləri 20-30 metr aralı olsa da, yorğun olduğu üçün Rüstəm bu gün onlara baş çəkmədi, çayı da divanda tək içdi. Bir azdan yuxu futbol marağına güc gəldi. Yenicə gözlərinə huş getmişdi ki, xanımı Gülşənin səsinə ayıldı.
—Ədə, (O, yoldaşının adını deməz, həmişə ona belə müraciət edərdı) atan çöldə səni gözləyir,—dedi.
Rüstəm cəld köynəyini geyinib çölə çıxdı
Yaz gecələrinin də ayrı gözəlliyi olur. Yemiş dilimini xatırladan ay göydə arabir buludların arasında gizlənir və təzədən çıxaraq güclü bir parıltı ilə gecənin qaranlığını yox etməyə çalışırdı. Evlərinin yaxınlığında axan kiçik dağ çayının həzin-həzin şırıltısı və qurbağaların aramsız oxuması gecənin gözəlliyinə xüsusi rəng qatırdı. Atası Səməd müəllim həyətdəki nəhəng palıd ağacına söykənib siqaret çəkirdi.
— Ata, evə keç də, orada niyə durmusan?— Rüstəm dedi. Yaxınlaşıb əl tutdular.
— Gəlmədin, narahat oldum. İşlərin necə gedir? — Səməd müəllim sakit-sakit cavab verdi.
— Bir az yorğun idim, başım da futbola qarışdı, gələ bilmədim. Bir az ara verib:
— Anam necədir? — Rüstəm soruşdu.
Səməd müəllim siqaretin tüstüsünü acgözlüklə sinəsinə çəkib qalan hissəni barmaqlarını ucu ilə kənara tulladı:
— Oqtay müəllim zəng etmişdi, — dedi.
Rüstəmin sifətinə zəhərli bir təbəssüm qondu. Söhbətin hansı məcrada gedəcəyini bildiyindən müdafiə mövqeyi seçdi.
— Başqa cür hərəkət edə bilməzdim, ata. Həm müəllimliyimi, həm də şərəf-ləyaqətimi Oqtay müəllimin 50 manatına görə itirə bilərdim, — donuq halda atasının kitab oxumaqdan torbalanmış gözlərinə, qırışlı alnına baxdı.
— Elə məni də,– – Səməd müəllim böyük təhlükədən sovuşmuş kimi arxayın-arxayın cavab verdi.
Rüstəm irəli atılıb canlı heykəli xatırladan atasını bağrına basmaq istədi, ancaq aralarındakı pərdə onu yerindəcə dayanmağa məcbur etdi. Səməd müəllim pedaqoji işdə ciddi olduğu qədər ailədə də ciddi adam idi. Onunla danışanda, nərd, dama oynayada hökmən müəyyən prosedur qaydalara əməl etmək lazım idi. İndiyəcən Rüstəm bir ali məktəbə qəbul olanda, bir də hərbi xidmətə yollananda atası onun alnından öpmüşdü. Əlacsız halda atasının yekun qərarını gözləmək məcburiyyətində qaldı.
Səməd müəllim boğazını arıtlayıb üzündə nadir hallarda görünən xoş bir təbbəsümlə:
— Səni təbrik edirəm, çempion! “Qarabağ” uduzsa da, sən qalib gəldin, məni sevindirdin, bu hərəkətinlə sən əsl çempionsan, özü də dünya çempionu!
Səməd müəllim ağır addımlarla evə tərəf yönəldi və bir anın içindəcə qaranlıqda əriyib yox oldu. Rüstəm uzun müddət onun əkdiyi palıd ağacına söykənib sükuta daldı. Gün boyu davam edən narahatlıq, əsəbi gərginlik öz yerini yavaş-yavaş sevincə verirdi. Ulduzların sayrışmağı, uzaqdan anadil quşunun aram-aram oxuması aydın və işıqlı bir səhər vəd edirdi.

22.05.2025-ci il

👁 baxış