Qismət bu günə imiş… – Elman Eldaroğlu Meyxoş Abdullahdan yazır…

Ona elə gəlir ki, ədəbiyyata doğru yüz illərdir ki, yol gedir. İlk dəfə orta məktəbin 6-cı sinfində oxuyanda “Qələbə” adlı bir şeir yazıb, amma heç kəs inanmayıb ki, bu şeiri o yazıb. 9-cu sinifdə oxuyanda isə “Üçkünc məktublar” şeiri Cəlilabadın “Yeni gün” qəzetində çap olunub. Bununla da yaxın dostları onu “şair” adlandırıblar. Fəqət, o böyüyəndə şair yox, yazıçı olub…

 

Deyir ki:- “Allah rəhmət eləsin, həmyerlim şair Abbasağa Azərbaycanda tanınmış şairlərdən biri idi. Mənim şeirlərimi oxuyandan sonra, üzünü turşudub dedi ki, sənin şeirlərin “kəndçifasondu e…” Onun sözlərindən sonra bir daha şeir yazmadım. Əslində, o kişi düz deyirdi, şeir yazmaq mənlik deyildi. Ondan sonra keçdim məqalə, oçerklər yazmağa. Sonra isə nəsr sahəsində qələmimi sınadım və bu günə kimi də yazıram.”

Uşaq vaxtları hazırcavab olub. Hər şeyə bir məna verər, başı çıxdı-çıxmadı hadisələrə öz münasibətini bildirərdi. Bunu görənlərdə ona- uşaqsan, amma yaşından qabağı danışırsan- deyərdilər. Böyüdü, böyüsə də hacırcavab adam kimi qaldı. Qarabağ onun yaralı yeridir…

 

“Orada yüzlərlə, minlərlə vətən oğlu şəhid olub. Onların şəhid ruhları bir anlıq da olsun məni rahat buraxmır. Arada mənə elə gəlir ki, ürəyimdə ucu-bucağı görünməyən bir “Şəhidlər Xiyabanı” salınıb və Qarabağ döyüşlərində həlak olan soydaşlarımızı burada dəfn edir və hər birinə də öz doğmam kimi yas saxlayıram. Qarabağ mövzusunda yazdığım “Əsir qadın” romanından öncə, “Alagöz”, “Oğul”, “Nişan üzüyü”, “Didərgin ruhlar” “Papaq”, “Nəğmə müəllimi”, “Sonuncu qumbara”, “Ölməsəm qayıdacağam”, “Mininci qadın” və s. qələmə aldığım əsərlər bu ruhda yazılmış nəsr əsərlərimdəndir.”- söyləyir…

 

Amma ailə- məişət, dedektiv, sevgi, sosial problemləri özündə əks etdirən nəsr əsərləri də var. Haqqında söhbət açdığım Meyxoş Abdullah 1962-ci fevral ayının 2-də Cəlilabad rayonunun Xəlilabad kəndində anadan olub. Orta təhsilini həmin kənddə bitirdikdən sonra, ordu sıralarında xidmət edib. Ordudan tərxis olunandan sonra isə Bakı Maliyyə Kredit Texnikumunda təhsil alıb. Hal-hazırda, 1984-cü ildə təyinatla göndərildiyi Cəlilabad rayon Baytarlıq İdarəsində baş mühasib vəzifəsində işləyir. Ədəbi fəaliyyətə isə ötən əsrin 80-ci illərindən başlayıb. “Doktor Qəzənfər haqqında xatirələr”, “Cəlilabad baytar işçiləri”, “Didərgin ruhlar” kitabları “Azərnəşr”də kütləvi tirajla buraxılıb. Onun qələmə aldığı “Alagöz” hekayəsi 2002 -ci ildə Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun Milli mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis olunan “Yaddaş” mükafatına layiq görülüb. Sonradan bu əsər müsabiqədə 2-ci yeri tutaraq,”Gənclik” nəşriyyatının təşəbbüsü və maliyyə dəstəyi ilə nəşr edilib…

 

Deyir ki:- “Belə bir deyim var- balıq dəryada böyüyər. Mənim də özümə təskinlik vermək üçün belə bir fikrim var: “Çömçəquyruğunu aparıb okeana buraxsan da, o elə çömçəquyruğu boyda qalacaq”. Təbii ki, yazıçı üçün mətbuat və informasiya bolluğundan, ziyalı elitasından uzaq düşmək, ən azından təbliğatın zəif olduğu bir mühitdə yaşamaq olduqca çətindir. Çoxları deyir ki, guya əyalət sakitlikdir, orada yazıb-yaratmaq asandır, dəyib-dolaşan olmur. Mən bununla qətiyyən razı deyiləm. Mərkəzin mərkəz boyda, əyalətin də əyalət boyda problemi, dərd-səri var. Əgər, mərkəzdə yaşayan yazı-pozu adamlarının üstündən ağırtonajlı maşınlar keçirsə, əyalətdə də bizim üzərimizdən arabalar, tır-tıllar keçir…”

 

Onun bu günə qədər “Doktor Qəzənfər”, “Didərgin ruhlar’, “Alagöz”, “Şeytan gülüşü”, “Anakonda ovu”, “Əsir qadın” və “Qapısı gecə döyülən qadın…” adlı yeddi kitabı işıq üzü görüb…

 

“Məni qınamayın, mənə elə gəlir ki, mən elə anadan yazıçı doğulmuşam. Mənim yaşam tərzim düşüncələrim, sevgim və davranışım bu hisslərə köklənib. Təbiəti, insanları və Tanrını çox sevirəm. Bu sevgi qeyri-adi bir sevgidir, yəni heç kəsin sevgisinə bənzəməyən və oxşarı olmayan bir sevgi. Və ən təəccüblüsü də budur ki, mənim həyatda çəkdiyim bütün ağrı-acıların baisi, məhz insanlara olan rəğbətimdən və onları həddən artıq çox sevdiyimdən irəli gəlir. Siz mənə bir insan göstərin ki, dünyada baş verən bütün haqsızlıqların günahını öz boynuna götürsün. Sizcə, elə insan varmı?! Təbii ki, yox deyəcəksiniz!.. Amma nə qədər qəribə də olsa, o insan mənəm. Ömrü boyu başqalarının etdiyi günahların əzabını çəkirəm. Amma bundan gileylənmirəm. Çünki, yazıçının həyatı, taleyi belə olmalıdır. Axı, yazıçı milyonlarla insanın fikir və düşüncələrini, ağrı və açılarını öz qəlbinin süzgəcindən keçirib yazan bir şəxsdir. Düşünürəm ki, mən mütləq yazıçı olmalıydım! Yazıçılıq mənim taleyimdir, həyat tərzimdir.”- söyləyir.

 

Bir az küsəyən adamdır. Dostların laqeyidliyindən, acı sözdən tez inciyir. Yəqin ki, bu xüsusiyyəti cənub bölgəsinin havasındandır. Axı, o tərəflərdə havalar dəyişkən və nəmişkənlik olur. Uşaq vaxtı anası nazını çox çəkdiyindən ərköyün böyüyüb. O vaxtlar hətta bir dəfə anasından da küsüb. Sonradan anası çətin də olsa, ondan küsməyinin səbəbini güclə öyrənib. Söyləyib ki- ana, ayrandan suyu ayır mən də küsməyim. Musiqini çox sevir. Tez-tez muğama qulaq asır. Muğamlarımız ona ana laylası qədər şirin gəlir, ruhunu oxşayır. Ən çox sevdiyi musiqi isə, Sabir Mirzəyevin “Cahargah”ıdır. Əcnəbi bəstəkarlardan Şopenin vurğunudur. Soltan Hacıbəyovun “Karvan” suitası onu həmişə həyəcanlandırır. Hətta estrada müğənlilərimizin bəzilərinə də rəğbəti böyükdür. Şövkət Ələkbərova və Yalçın Rzazadənin mahnılarını dinləməyi xoşlayır. Bir də, rəhmətlik Şəfanın “Qayıt gəl” mahnısına tez-tez qulaq asır…

Deyir ki:- “Bir insan kimi yox, bir yazıçı kimi, özümü sevirəm. Əzmkarlığımı, işgüzarlığımı, dönməzliyimi çox sevirəm. Mən yazmağı yaşamaq hesab edirəm. Ona görə də, yazşıçı Meyxoş Abdullahı çox istəyirəm.”

“Bakı məni heç vaxt sevməyib, mənə ögey oğul kimi baxıb”- söyləsə də, dənizini çox sevir. Dənizi xəyallarırın gerçəyi kimi dəyərləndirir. Dəniz onun üçün Allahın yaratdığı bütün nəsnələrdən əzizdir. Dənizi sirrli-sehirli, paklıq, sevgi rəmzi hesab edir…

 

“Dəniz sirr saxlayandır. Dəniz mənim ruhunu oxşayır. Amma təlatümlü olanda məni xoflandırır. Dənizin təlatümlü, coşub-daşan fırtınalı vaxtlarını görəndə, mənə elə gəlir ki, Allah qəzəblənib. Dənizi sakit, qırçınlı ləpələriylə sevirəm. Dəniz belə vaxtlarında məsum bir gözələ bənzəyir. Bir hekayəm var- “Sevgilim mənim”. Bu hekayəmi dəniz sevgimə həsr etmişəm.”- söyləyir…

 

Nə isə, ABŞ-da yaşayanda dostum, şair-jurnalist Faiq Balabəyli mənə onun haqqında yazmağımı təklif etmişdi. O vaxt başım ABŞ-da yaşayan soydaşlarımızın haqqında yazılara qarışdığından, bu işi təxirə salmalı oldum. Görünür, qismət bu günə imiş. Meyxoş Abdullaha möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…

…“Sabir Rüstəmxanlının “Qan yaddaşı” kitabında belə bir fikir var: “Dünyaya gələn hər bir insan nə vaxtsa həyatdan köçmüş əcdadının yarımçıq qalmış ömrünün davamını yaşayır”- bunları da Meyxoş Abdulla söyləyib…

 

Hörmətlə, Elman Eldaroğlu

👁 baxış