Millət vəkili vurğulayıb ki, İran İslam Respublikası Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir: “1992-ci ilin dekabr ayında isə Azərbaycanın İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır. 1992-ci ildə İranın Naxçıvan şəhərində Baş Konsulluğu, 2004-cü ildə Azərbaycanın Təbriz şəhərində Baş Konsulluğu fəaliyyət göstərir. Azərbaycan İran İslam Respublikası ilə mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələrin inkişafına önəm verir. Xalqlar arasında tarixi və mədəni bağlılıqlar iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə inkişaf edir”.
Millət vəkili qeyd edib ki, dövlətlər arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlər, imzalanan sənədlər əhəmiyyətli rol oynayır: “İran Prezidenti dövlət başçısı İlham Əliyev ilə geniş tərkibdə görüşdə belə bir əminliyi ifadə etdi ki, əldə edilən razılaşmalar, imzalanan və bundan sonra imzalanacaq sazişlər Azərbaycanla, əziz, dost, qardaş və demək olar ki, həm də qohum Azərbaycan xalqı ilə əlaqələrimizdə daha geniş addımlarla irəliləyişin başlanğıcına çevriləcək, bölgədə münasib əməkdaşlıq nümunəsinin formalaşmasına səbəb olacaq.
Bugünədək Azərbaycan və İran arasında müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanıb. Azərbaycan ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası 1992-ci ildən etibarən fəaliyyət göstərir. İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri çərçivəsində 6 sənəd imzalandı. Ayrı-ayrı sahələrin inkişafına xidmət edən sənədlər sırasında Prezidenlərin imzaladığı Birgə Bəyanatı qeyd etmək istərdik. Sənəd iki ölkə arasında olan münasibətlərin inkişafında yol xəritəsidir. Media əməkdaşlığı haqqında Anlaşma Memorandumu iki ölkənin əlaqələrində yeni bir istiqamətin müəyyənləşdirildiyinin göstəricisidir. Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin yaratdığı reallıqlar fonunda media sahəsində əməkdaşlığın inkişafına böyük zərurət var. İran Prezidenti bu mühüm məqamı xüsusi qeyd etdi ki, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq”.
Malik Həsənov bildirib ki, Azərbaycan ilə İran arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq davam edir: “Azərbaycanla İran arasında Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türkiyə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı, dəmir yolu, avtomobil nəqliyyatı olsun, bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq”.
Millət vəkili diqqəti Bakıda keçirilən Azərbaycan-İran biznes forumuna da yönəldərək vurğulayıb ki, belə tədbirlər hər bir ölkənin malik olduğu iqtisadi imkanların təqdimatında öz sözünü deyir: “Dövlət başçısı İlham Əliyev biznes forumdakı çıxışında “Əminəm ki, bu səfərdən sonra və biznes-forumun nəticələrindən irəli gələrək biz növbəti illərdə ticarət, iqtisadi, sərmayə qoyuluşu və digər bu kimi sahələrdə ciddi irəliləyiş görəcəyik… İrandan gələn 120-dən çox iş adamı əminəm ki, Azərbaycanda öz həmkarları ilə artıq təmaslar qurublar və biznes-forum nəticəsində real layihələr meydana gələcək” söyləyərək belə bir əminliyi də ifadə etdi ki, kiçik və orta sahibkarlığın inkişafı da həmişə diqqət mərkəzində olub və biznes dairələri, Azərbaycan, İran iş adamları siyasi rəhbərlikdən gələn bu mesajları düzgün qəbul edəcəklər və öz fəaliyyətlərində bunu rəhbər tutaraq konkret iş görməklə ticari-iqtisadi əlaqələrimizi daha da gücləndirəcəklər”.
👁 baxış
