Yanvarın 20-də Davos Forumunda iştirak edən cənab Prezident İlham Əliyev Çin Xalq Respublikasının CGTN (China Global Television Network) telekanalına müsahibə verib və bu müsahibə fevralın 11-də bu televiziya kanalında yayımlanıb. Qeyd edilməlidir ki, dövlət başçısı cənab İlham Əliyevin ənənəvi keçirilən Davos İqtisadi Forumunun iclaslarında iştirakı, eyni zamanda, çıxışı, verdiyi müsahibələr, qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlər Azərbaycan həqiqətlərinin, qlobal məsələlərin həllində tutduğumuz mövqeyin təbliğində əhəmiyyətli rol oynayır. İstər görüşlər, istərsə də müsahibə Azərbaycanın nüfuzunun, Prezident İlham Əliyevə yüksək etimadın göstəricisidir. Ölkəmizin hər bir məsələdə mövqeyinə verilən önəm diqqətdən kənarda qalmır. Təbii ki, bu, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olmasından, inkişaf modelinin nümunəviliyindən, münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına göstərdiyi diqqətdən irəli gəlir.
Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərdə dünyanın nüfuzlu media orqanlarının onunla müsahibəyə çan atması artıq ənənə halını alıb. Ölkə prezidentinin həm qlobal iqtisadi-siyasi proseslər, həm Azərbaycanın xarici siyasəti, həm digər dövlətlərlə münasibətləri həm də digər məsələlərlə bağlı fikirləri, proqnozları böyük maraqla qarşılanır. O da maraqlıdır ki, Azərbaycan liderinin həyata keçirdiyi siyasətin və həmçinin proqnozlarının düzgünlüyü, dəqiqliyi bir müddət sonra öz təsdiqini tapır.
Cənab Prezident Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyi, əldə etdiyi uğurlar və strateji planları barədə mühüm məqamlara toxundu. Səsləndirilən fikirlər ölkəmizin beynəlxalq arenada yerinin möhkəmləndirilməsi və qlobal məsələlərdə fəal iştirakının əhəmiyyətini ortaya qoyur. Ölkə başçısı Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək qiymətləndirib. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Bütövlükdə, Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətdir, eləcə də Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır.
Beləliklə, Davos Forumu çərçivəsində Çin televiziya kanalına verdiyi müsahibədə dövlətimizin başçısı iki ölkə arasında qarşılıqlı münasibətlərindən bəhs etməklə yanaşı, Azərbaycanın nailiyyətləri, o cümlədən çox uğurla keçirilən COP29 barədə də ətraflı məlumat verib. Verilən müsahibə və səsləndirilən fikirlər bilavasitə Azərbaycan xalqının mövqeyidir. Bir suveren dövlət kimi biz öz hüquqlarımızı qorumalı və hüquqlarımıza qarşı çıxan hər kəsə qarşı amansız mövqedə olmalıyıq. Çünki Azərbaycan 30 il öz hüquqlarından məhrum olmuş bir milyon xalqın Vətənidir. İnsanlarımızın öz hüquqlarını qoruması, onların haqqıdır. Ölkə Prezidenti də bu mövqedən çıxış edir. Cənab Prezident İlham Əliyev fəaliyyət göstərdiyi bütün illərdə dünya ölkələri ilə əməkdaşlıq qurur, sülhün, əmin-amanlığın, demokratiyanın genişləndirilməsinə böyük dəstək verir və bu yolda səylərini əsirgəmir. Azərbaycan cəmiyyətində sabitliyin, birliyin olması, öz maraqlarımızın müdafiə edilməsi, əlbəttə ki, fəaliyyətlərimizin əsasıdır.
Tural Cəfərov,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçılari və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi
👁 baxış
