“Dolaşıq düşüncələrimi nimdaş paltar kimi…” – Ələddin Əzimli – 70

Gözəl şairimiz və tanınmış jurnalist Ələddin Əzimlini doğum günü və 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona cansağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayıram. Ələddin Əzimli, həm şair, həm peşəkar bir jurnalist, həm də ki, vicdanlı, əqidəli bir insan kimi həmişə bizim diqqətimizi cəlb etmişdir. O, ağıryanalığı, özünün, sözünün çəkisini bilən, ziyalılığı, mədəni davranışı ilə dostlarının və ətrafdakıların hörmətini qazanan bir söz adamıdır. Şeirlərinin əsas qayəsini vətənpərvərlik, insan səmimiyyəti, təbiətə vurğunluq, insan idealına sədaqət, sevgi təşkil edir.

Ələddin Əzimli böyük Sözə həmişə önəm, dəyər verən, onun qədrini bilən şairlərdəndir. Şair söz haqqında belə deyir: – “Bəzən mən sözün əsiri oluram, ondan heç bir yana qaça bilmirəm. Bəzən də SÖZ məni ağrı-acılardan, yorğunluqdan, yersiz düşüncələrdən xilas edir”.

Gözəl şairimizə söz ömrü arzusuyla, bir neçə şeirini sizlərə təqdim edirik:

 

Söz

 

Bu söz

Hardan düşüb

Yol üstünə?

Tuş olacaq

Hər yetənin daşına.

Axırda çırpılacaq

Yoldan ötən maşına.

Bəlkə, sağ qaldı, ölmədi…

Ucuz olmasın

Söz bazarında.

Çiçəkləsin

Bir gənclik baharında.

 

Çəkir 

 

Yalan, yanlış olanların,

Cəzasını tanrı çəkir.

Bütün yorğun adamların

Əsasını tanrı çəkir …

Acısı var ac olanın,

Ümidə möhtac olanın.

O pərdəsiz bacaların

Bacasını tanrı çəkir…

Yaxın olmaq deyil asan-

Nə olsun ki, yaxındasan.

Eşq namazdı, düz qılmasan

Qəzasını tanrı çəkir…

 

Sənin adına şəhər

 

Mən sənin adına şəhər salmışam,

İndi ad qoyuram küçələrinə.

Oturub şəhəri tumarlayıram-

Saçını sərmisən gecələrinə…

 

Özünə dərd edib bizim şəhəri,

Bu xırda şəhərlər, bu tin-şəhərlər.

Mən sənin adına şəhər salmışam-

Qaçıb xəritədən bütün şəhərlər.

 

…Gəl, öz şəhərini göstərim sənə,

Uzaqda deyil ki, könlüm yanıdı.

Mən sənin adına şəhər salmışam

Ürəyim- şəhərin baş meydanıdı.

 

…Tikdim ürəyimin sahillərində,

Qorxdum gözlərimdən keçə, yan keçə.

Qala qapısıyam mən bu şəhərin-

Təkcə sənin adın qapıdan keçər.

 

Tanrı bu şəhərə səni şah seçib,

Nə fərqi:- sarayı, ya taxtı olsun.

Bir şəhər salmışam sənin adına

Saldım ki, eşqin də paytaxtı oslun!

 

…Qapını gün açar, pəncərəni ay,

Bir yanı gündüzdü, bir yanı axşam.

Nə olsun, dünyanı verə bilmədim

Sənə “Sevgi” adlı şəhər salmışam…

 

Girib bu şəhəri gəzirəm hərdən,

Çıxmaq istəyəndə kimsə “qal” deyir.

Sənə dünya boyda şəhər salmışam-

Gör sənə bu “şəhər” darısqal deyil?!

 

SUALLAR… SUALLAR…

 

Bilirsənmi,

indi neçəinci ildir?

Hansı ayın neçəsidir?

Axşamdır, ya səhərdir?

Bu suallara cavab tapa bilərsənmi bir təhər?

Kənarında dayandığın çay

hara axır?

Onun sağında və solundakı yol

hara aparır yolçuları?

Sual sual dalınca.

Mənə xəbər verərsən,

bu sualların cavabını tapınca.

Sonra

rahat bir yer tapıb dincələrsən.

İşdir,

çətinə düşsən,

geriyə üz tutub, yanıma dönərsən.

Bilmədiklərini

ortaya tökərsən.

Düşünüb,

birgə cavab taparıq bu suallara,

yeni suallar doğulunca,

köhnə ay bitib,

yenisi başlayinca.

Təzədən

fikrini cəmləyərsən,

düşünərsən yorulunca.

Suallar səni,

sən sualları yorunca…

 

SÖZLƏRİN CAZİBƏSİ

 

Tək olanda,

kimsənin duymadığı

rəngini, çalarını belə anlamadığı,

vaxt olmaq keçir ürəyimdən.

Heç kimin görmədiyi,

oyanıb səksənmədiyi

yuxular ötür beynimdən.

Dolaşıq düşüncələrimi

nimdaş paltar kimi

soyunmaq istəyirəm əynimdən.

Səbəbini soruşmayın,

bilmirəm…

Bunlar bir yana.

Qəlbimi sızıldan sözlərin

qeyri-adi cazibəsi,

hisslərimi tarıma çəkən

üzücü tənhalıq,

bir də,

istəsəm də, istəməsəm də,

məni

şair olmaq qorxudur

 

👁 baxış