“Təəssüf ki, son dövrlərdə müəllim nüfuzunun aşağı düşməsi barədə bəzi mülahizələr səslənməkdədir. Hesab edirəm ki, bu fikirlərin müəyyən obyektiv və subyektiv səbəbləri, əsasları da vardır”.
Məcra.az xəbər verir ki, bu sözləri keçmiş təhsil naziri Misir Mərdanov 5 oktyabr Müəllimlər Günü ərəfəsində təhsilverənlərlə bağlı cəmiyyətdəki fikir ayrılıqlarına münasibət bildirərkən deyib.
“Azərbaycan təhsil tarixini araşdıran şəxslərdən biri kimi belə qənaətə gəlmişəm ki, uzun əsrlər boyu cəmiyyətdə müəllim nüfuzu çox yüksək olub, XX əsrin ortalarına qədər inkişaf edib”, – M.Mərdanov bildirib.
Onun sözlərinə görə, müəllim nüfuzunun yüksəlişi XX əsrin əvvəllərində, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə sürətlə davam edib. Lakin 1920-ci ilin aprel işğalından sonrakı dövrlərdə yeni dəyərlər qurmaq istəyən bolşevik hökuməti özünəməxsus təhsil sistemi tətbiq etməyə başladı.
“Bu zaman təhsilin klassik tələbləri “qulaqardına vurularaq” plan doldurmaq, müəllimlərin və savadlıların sayına görə dünya ölkələrini ötmək iddiası təhsil sisteminə tədricən təsadüfi adamların gəlişinə rəvac verdi…
…Dövrün şəraitinə görə isə müəllim kənd yerlərində (elə şəhərlərdə də) ən hörmətli və nüfuzlu şəxs hesab edilirdi. Gecə-gündüz çalışan, yayın istisində, qışın soyuğunda səhərdən axşamadək əlləşən və zəhməthaqqı kimi yalnız ərzaq məhsulları- yağ, pendir, buğda, kartof, meyvə-tərəvəz və sair alan kənd camaatından fərqli olaraq, bəzi adamların nəzərində “əli cibində bəy balası kimi gəzən” müəllimin zəhməti pulla ödənilirdi. Digər üstünlükləri ilə bərabər, camaat uşaqlarının gələcəyi asılı olan müəllimlərə yalnız ziyalı kimi hörmət etmirdi, həm də kənddə pulu olan yeganə adam kimi ona möhtac idi. Xəstəsinə dərman, uşağına ayaqqabı, evinə qənd almaq istəyən pul üçün müəllimin qapısına gedirdi. Bu baxımdan da hamı müəllimi üstün görür, özünü müəllim görmək üçün həmin “kursları” oxumaq, ya uşağını orada oxutmaq istəyirdi. Bu zaman pedaqoji işə maraq, müəllimlik həvəsi, yüksək savad və digər amillər nəzərə alınmırdı. Dövləti isə bu vəzifənin mahiyyəti yox, zahiri tərəfi maraqlandırırdı, hətta bundan “ədalətli dövlət” imici yaratmaq üçün yararlanmağa çalışırdı”.
Bununla yanaşı, M.Mərdanov sovet dövründə əsl müəllim adına layiq olan, millətin gələcəyini düşünən, fədakar insanlar, həyatlarını uşaqlara və təhsilə həsr edənlər az olmayıb.
“Ancaq zaman keçdikcə “kursları” bitirib şöhrətli “müəllim” adının arxasında daldalananlar özlərini “təcrübəli müəllim” kimi təqdim edərək yerlərini daha da möhkəmlətdilər. Cəmiyyət, siyasi quruluş isə plan tələb edirdi – çoxlu müəllim, çoxlu savadlı, çoxlu diplom, attestat və s. Daha dəqiq desək, kəmiyyətin keyfiyyəti üstələməsi müəllim nüfuzunun aşağı düşməsinə əsas səbəblərdən biri kimi öz təsirini göstərməyə başladı. Təhlillər göstərir ki, ölkəmizdə 1920-ci illərdə ümumtəhsil məktəblərində müəllimlərin sayı 5 min nəfərə yaxın olduğu halda, 1941/42-ci tədris ilində 20 min, 1981/82-ci tədris ilində 101 min, 1991/92-ci tədris ilində 130 min, 1995/96-cı tədris ilində 158 minə çatmışdı. Daha dəqiq desək, 70 ilin ərzində müəllimlərin sayı 30 dəfədən çox artmışdı, bu da, əlbəttə, keyfiyyət baxımından öz sözünü deyirdi…
Əlbəttə, mən bu sahəyə az-çox bələd olan şəxs kimi o fikrin tərəfdarı deyiləm ki, müəllimlərimizin sayı elə 100 il bundan əvvəl olduğu qədər – yəni 5 min nəfər olsun. Bu zaman cəmiyyətin ziyalı təbəqəsindən, onun inkişafına misilsiz xidmətlər göstərən mütərəqqi dünyagörüşlü, yüksək mədəniyyətli, vətənpərvər minlərlə, milyonlarla şəxsiyyətdən və onları yetişdirən əsl müəllimlərdən söhbət gedə bilməzdi. Məni narahat edən 1960-cı illərdən etibarən tam formalaşan ali təhsil şəbəkəmizin bütün imkanlarından yaxşı müəllim hazırlığı üçün istifadə edilməməsidir”.
Eks-nazir bildirib ki, ötən əsrin 60-70-ci illərindən başlayaraq təkcə ölkəmizdə deyil, bütün dünyada müəllim nüfuzunun surətlə aşağı düşməsi müşahidə edilməyə başlayıb.
“Bir məsələni də xatırlayıram ki, müstəqilliyin ilk illərində özlərini təhsil eksperti hesab edən bəziləri Azərbaycanın hər 100 min nəfərə düşən alitəhsillilərin sayına görə bir sıra olkələrdən geridə qaldığını əsas gətirərək ali məktəblərin sayını və onlara tələbə qəbulu planını artırmağı tələb edirdilər. Həmin ekspertlər “bəs o tələbələrə dərsləri kimlər deyəcək?” sualına cavab verə bilmirdilər, ancaq inad edirdilər ki, ali məktəblər və onlara tələbə qəbulu planı artırılsın. Əlbəttə, mən ölkəmizdə alitəhsillilərin sayının artmasının əleyhinə deyildim, ancaq bu artımı etməzdən əvvəl həmin ali məktəblərin maddi-texniki bazasının və elmi-pedaqoji potensialının olmasını zəruri hesab edirdim. Təəssüf ki, nəticədə sonralar böyük çətinliklərlə bağlanmasına nail olduğumuz özəl “universitetlər” açıldı, təsadüfi adamlar orada müəllimliyə dəvət olundu, oraya müxtəlif yollarla qəbul olunmuş tələbələr isə məzun olduqdan sonra orta məktəblərdə müəllimlik etməyə başladılar və bu amil də təhsildə kəmiyyət göstəricilərinin keyfiyyət göstəricilərini üstələməsinə daha bir səbəb oldu, beləliklə, həm təhsilimizin keyfiyyəti, həm də müəllim nüfuzu aşağı düşməkdə davam etdi”.
Sabiq nazir deyib ki, müəllim nüfuzuna mənfi təsir göstərən amillər sırasına 1988-ci ilin qışında Ermənistanda yaşayan 300 minə yaxın soydaşımızın bir neçə gün ərzində zorla öz ata-baba yurdundan qovulmasını, 1988-1992-ci illərdə Dağlıq Qarabağ ətrafında baş verən məlum hadisələr nəticəsində bir milyona yaxın insanın məcburi köçkünə çevrilməsini, baş vermiş siyasi hadisələrin iqtisadi durğunluğa, kəskin maliyyə problemlərinə gətirib çıxarmasını, müəllimlərin sosial vəziyyətlərinin aşağı düşməsini, buna görə də istedadlı, yüksək peşəkarlıq qabiliyyətinə malik (kişi) müəllimlərin əksəriyyətinin təhsil sistemini tərk etməsini də daxil etmək lazımdır.
“Yenə də yaranan müəllim çatışmazlığının yerini təsadüfi adamlar, pedaqoji fəaliyyətə ürəyinin çağırışı kimi yox, “birtəhər gün keçirmək” kimi baxan minlərlə insan tutdu, bu da öz növbəsində müəllim nüfuzuna kəskin mənfi təsirini göstərdi”.
M.Mərdanovun sözlərinə görə, 1992-ci ildə qəbul edilmiş Təhsil Qanununa müvafiq olaraq ümumtəhsil məktəblərində pedaqoji işçilərin həftəlik tarif stavkasının 18 saatdan 12 saata endirilməsi, əslində, mütərəqqi addım idi və müəllimlərin dərs yükünün optimallaşdırılmasına, öz peşəkarlıq səviyyəsinin artırılması imkanlarının genişləndirilməsinə, eyni zamanda, mövcud qanunvericilik çərçivəsində dərs yükünün artırılması vasitəsilə onların sosial müdafiəsinə yönəlmişdi.
“Lakin bu mütərəqqi addım da bir sıra yeni problemlərin yaranmasına gətirib çıxardı. Belə ki, məktəblərdə kütləvi surətdə yeni müəllimlərin işə qəbuluna şərait yaradıldı. Əksər hallarda ixtisaslı kadrlar olmadığı üçün qeyri-ixtisas sahibləri, hətta qeyri-pedaqoji təhsillilər də haradansa sertifikatlar əldə edərək məktəblərdə müəllim işləməyə başladılar. Ölkədə müəllimlərin sayı kəskin şəkildə artdı, müəllim-şagird nisbəti aşağı düşdü. Təsəvvür edin ki, əgər 1991/92-ci tədris ilində ümumtəhsil məktəblərində 130 min müəllim fəaliyyət göstərirdisə, 1995/96-cı tədris ilində, cəmi 4 ildən sonra onların sayı 28 min nəfər artaraq 158 minə çatmışdı”.
Keçmiş nazir bildirib ki, informasiya kommunikasiya texnologiyalarının sürətlə cəmiyyətimizə daxil olması da müəllim nüfuzuna öz təsirini göstərib.
“Bir tərəfdən yaşlı müəllimlərin (bəzən gənclərin də) müasir texniki vasitələrdən istifadə edə bilməməsi, bir tərəfdən bəzi kənd məktəblərində internetin, yaxud kompüterlərin olmaması, digər tərəfdən isə gənclərin virtual dünya ilə sıx ünsiyyəti nəticəsində məktəb, müəllim, təhsil haqqında olan təsəvvürlərinin dəyişməsi özünəməxsus problemlər yaratdı…
Daha bir amil uzun müddət abituriyentlərin seçdiyi əsas peşə üzrə kifayət qədər bal toplamadıqda pedaqoji ixtisaslara qəbul edilməsi olmuşdur. Məsələn, həkim olmaq istəyənlər az bal toplayanda biologiya, ya kimya müəllimliyinə, hüquqşünas olmaq istəyənlər tarix, ya ədəbiyyat müəllimliyinə “düşürdü”. Bu gənc müəllimliyi özünə gələcək peşə kimi qəbul etmir, ömrü boyu daxil olmaq istədiyi ixtisasın nostaljisi ilə yaşayırdı. Mən təhsilə rəhbərlik etdiyim illərdə dəfələrlə auditoriyalarda “kim müəllim olmaq arzusu ilə bu fakültəyə qəbul olunub?” sualını vermişəm, demək olar ki, heç kəs əlini qaldırmayıb, hamısı başqa ixtisas almaq üçün imtahanlara qatıldığını bildirib. Təəssüf ki, yüzlərlə tələbə könülsüz olaraq müəllimlik ixtisasında təhsil alıb, qeyd edilən səbəblərə görə oxuduğu müddətdə də müəllimlik peşəsini sevə bilməyib, universiteti “birtəhər” başa vurub, nəticədə isə müəllim işləməli olub”.
M.Mərdanov fikirlərini ümumiləşdirərək son 80 ilə yaxın bir müddətdə ölkəmizdə müəllim nüfuzunun aşağı düşməsinə aşağıdakı amillərin səbəb olduğunu qeyd edib:
müxtəlif obyektiv və subyektiv səbəblərdən müəllimlərin sayının artırılması və beləliklə, onların sırasına təsadüfi insanların daxil olması; müəllimlərin sosial müdafiəsi sahəsində vaxtında təsirli tədbirlərin görülməməsi; müəllim hazırlığının kifayət qədər təkmil olmaması, təhsil müəssisələrində pedaqoji fəaliyyətə hazırlanan müəllimlərin ixtisası üzrə biliklərinin, peşəkarlıq səviyyəsinin aşağı olması; müəllim olmaq istəyənlərin seçim mexanizminin təkmil olmaması; uzun illər ərzində ali məktəblərə sənəd verən abituriyentlərin seçim zamanı pedaqoji ixtisasları siyahının sonunda “hər ehtimala qarşı” göstərməsi; bir çox hallarda cəmiyyətin inkişafında təhsilin rolunun və müəllimin missiyasının layiq olduğu səviyyədə qiymətləndirilməməsi; müstəqilliyin ilk illərində məktəbə və təhsilə münasibətin mənfi istiqamətdə dəyişməsi, dağıdıcılıq meyllərinin təhsil sisteminə də sirayət etməsi, bu səbəbdən müəllimlərin, xüsusən təcrübəli kadrların kütləvi şəkildə digər sahələrə və xarici ölkələrə üz tutması; informasiya cəmiyyətinin yaranması ilə müəllimə olan tələblərin dəyişməsi və s.