Aşıq Ələsgər irsi tarixi yaddaşda yaşayır

Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

Aşıq Ələsgər yaradıcılığı  gözəlliklə, müdrikliklə, bəşər idrakının kamilliyi ilə əhatələnmiş sirli, sehrli, möcüzəli söz ümmanıdır. Bu gün biz Aşıq Ələsgərdən danışanda minillik poeziyamızda xüsusi yeri olan bir sənətkardan danışırıq. Çünki bizim poeziyamız çox zəngindir, böyükdür. Aşıq Ələsgər ustad sənətkar olmaqla yanaşı, öz yaradıcılığında Azərbaycan dilinin poetik imkanlarından, bədii ifadə vasitələrindən düzgün istifadə etməklə, şeir nümunələrinin xəlqiliyini, sadəliyini, forma və üslub xüsusiyyətlərinin keyfiyyətlərini qoruyub və öz gözəl töhfələri ilə söz şeir sənətimizi daha da zənginləşdirib. XIX əsrin sonu XX əsrin əvvəllərində aşıq poeziyasında Aşıq Ələsgər möcüzəsi ilə sazın sözün yeni dövrü başlayıb. “Haqq aşığı” ifadəsi Dədə Ələsgərin simasında yenidən canlanıb.

Aşıq Ələsgər Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşdur. Oranın dağlarını, meşələrini, çeşmələrini vəsf etmişdir və vaxtilə orada heykəli ucaldılmışdı. Vandallar Qarabağda tarixi və mədəni abidələrimizi uçurtduqları kimi, Aşıq Ələsgərin heykəlini də uçurtmuşlar. Amma hörmətli Prezidentin dediyi o əminliyi mən də paylaşıram ki, gec-tez dinc yolla Aşıq Ələsgərin özü də, sözü də, adı da və həmvətənləri də öz doğma torpaqlarına qayıdacaqlar.

Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında çıxışında göstərildiyi kimi,  həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır.

 

Emil Həsənov,

Cəlilabad rayon Dövlət Arxivinin müdiri