Üç deportasiya dalğası

1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar. Ümumiyyətlə, Qərbi AZərbaycanda olduğu kimi, Qarabağda, Şərqi Zəngəzurda da bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi.

Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham
Əliyev tərəfindən iki Sərəncam imzalanmışdır. Bir Sərəncam əsasında Aşıq
Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu.
Aşıq Ələsgər özünəməxsus təbii gözəllikləri ilə seçilən, qədim yurd yerlərimizdən olan Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O, ömür boyu Azərbaycanın bu qədim torpağında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan birinci deportasiyası idi.

Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında çıxışında göstərildiyi kimi,  əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz
qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir.

Aşıq Ələsgər zəngin yaradıcılığı ilə Azərbaycan aşıq ədəbiyyatının barlı-bəhərli əbədiyyət ağacıdır. Zaman-zaman nəsillər bu ağacı ziyarət edəcək, Aşıq Ələsgərin söz dünyasından nübar sözlər, misralar, fikirlər dərəcək, Ələsgər möcüzəsi yenə də bitib-tükənməyəcək.

       Fuad Əzizov,

       Lənkəran-Astara Regional Mədəniyyət  

  İdarəsinin Cəlilabad nümayəndəsi