Ali məktəbə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin əksəriyyəti ya Bakı, ya da xarici ölkədəki universitetləri seçir. Buna baxmayaraq bəziləri 600-dən yüksək balla filial universitetlərə, eləcə də bölgələrə üz tuturlar.
Filial universitet seçənlərdən biri də Mədinə Nəsirlidir. O, 655 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alacaq.
Məcra.az xəbər verir ki, Mədinə AzEdu.az Təhsil Portalına müsahibə verib.
– Mədinə, əvvəlcə səni təbrik edirik, gələcək fəaliyyətində uğurlar arzulayırıq. Özün barədə oxucularımıza ətraflı məlumat verə bilərsən?
– Mən, Nəsirli Mədinə Arif qızı orta təhsilimi Cəlilabad rayon 3 nömrəli tam orta məktəbdə almışam. Buraxılış imtahanından 291,9, qəbul imtahanından isə 393,9 bal toplayaraq, ümumi 655,8 balla ADPU-nun Cəlilabad filialında Azərbayan dili və ədəbiyyatı ixtisasında təhsil almaq istəyirəm.
– Nəticəniz çox mükəmməldir. Maraqlıdır, yüksək bal toplayan abituriyentlərin bir çoxu paytaxta üz tutur. Bəs, siz nəyə görə məhz Cəlilabadda təhsil almaq istəyirsiniz?
– Neçə bal toplamağımdan asılı olmayaraq tək hədəfim Azərbaycan dili və ədəbiyyatı ixtisasında təhsil almaq olub. Bu sahəni sevməyimin əsas səbəbkarı məhz öz müəllimlərimdir. Bu ixtisasın Cəlilabbada – yaşadığım yerdə tədris olunduğunu biləndən sonra düşündüm ki, burada oxumaq daha sərfəlidir. Mənə görə Cəlilabad filialının digər universitetlərdən elə də fərqi yoxdur, məhz buna görə də buranı seçməyə qərar verdim.
– Həmişə yüksək bal toplamağın sirlərindən danışırlar. Bəs, siz deyə bilərsinizmi, yüksək bal toplamaq üçün nələr edilməlidir? Bu yolda sizin təcrübələrinizlə tanış olmaq istəyərdik.
– Ali məktəbə hazırlaşanlara onu demək istəyirəm ki, əvvəlcə hansısa sahə üzrə qarşınıza hədəf qoyun. Hədəfsiz insan okeanda saman çöpünə bənzəyir. Dalğa onu haraya aparsa, o da oraya üzəcək. Ümumiyyətlə nailiyyət əldə etmək çətindir. Çətin olduğu üçün də dözümlü olmaq lazımdır. Dəfələrlə çalışmaq lazımdır. Sınaqlara daxil olub, aşağı bal toplayanda ruhdan düşmək uğursuzluğa aparır. Səbrli, əzmli olduqdan sonra insanın istədiyi yerə çatmamağı mümkün deyil.
1-ci sinifdən başlayaraq gündəlik dərsləri oxumaq gərəklidir. İxtisas qrupunu seçənə qədər mən bütün fənləri oxumuşam. O fənlər insanın dünyagörüşünün formalaşmasında müstəsna rola malikdir. Təməl olmadan 8-9-cu siniflərdən hazırlaşmaqla istənilən nəticəni əldə etmək biraz çətindir.
Günün daha çox hissəsini oxumaqla keçirirdim. İmtahan ərəfəsində yuxu rejimim bir qədər dəyişsə də, normal günlərdə yuxuma çox fikir verirdim.
Şagirdlərə tövsiyəm odur ki, daima sınıqlara gedib, özlərini sınasınlar.
– Müəllimliyin sevdiyiniz sahə olduğunu vurğuladınız, bəs, sizin istəyiniz məktəb müəllimi olmaqdır, yoxsa universitet?
– Universitetdə müəllim işləmək üçün magistratura pilləsinə qəbul olmaq lazımdır. Açığı hələ qarşımda belə bir hədəf yoxdur. Daha çox məktəbdə müəllim kimi fəaliyyət göstərmək istəyirəm.
– Cəlilabbada oxumaq istəyinizdə ailənizin, yaxınlarınızın təsiri oldumu?
– Ailəm ixtisas seçimini mənim ixtiyarıma buraxdı. Seçimi etdikdən sonra onlar məni dəstəklədi. Daha çox yaxınlarım bildirirdilər ki, paytaxtda, yaxud xaricdə təhsil alım. Xaricdə təhsil bir qədər çətin ola biləcəyini düşündüyüm üçün ölkə xaricinə çıxmadım. Həm də, mənim fikrimə görə xaricdə təhsil aldıqdan sonra mütləq ölkəmizə qayıtmaq lazımdır. Bu ölkənin gələcəyi gənclərin əlindədir. Gənclər burada qalaraq ölkənin gələcəyi üçün çalışmalıdırlar. Mənim də əsas hədəfim budur.