Məcra.az Nurafizin şeirlərini təqdim edir.
Ömrü yemişəm, acam
Belə unutmaq olmaz
Hər ağrını, acını.
Təsəllilər ovutmaz
Könül ehtiyacını.
Gec öyrəndim, qınama,
Adamların dilini.
Ürəkdə çəkdiklərim
Qanım ilə ilinir.
Andımda yoxdu adın,
Ömrü yemişəm, acam.
Bu gündən sonra səni
Şeirdə unudacam.
Sirr olarsan özünə
Belə eşqnən ağlama,
Ərkin durar qəsdinə.
Göz yaşın kilid vurar
Kipriyinin dəstinə.
Özünə yad olarsan,
Görməz dost-tanışın da.
Ayrılıq küsər səndən
Xatirə danışanda.
Özgədən gizlədiyin
Sirr olarsan özünə.
Darıxmaq öyrədərsən
Yol dilində gözünə.
Ayaqların köks ötürər
Daş atmaqla nə dəyişər,
Cavabı yoxsa sualın…
Sığalını pozammazsan
Aynası sınan suların.
Ayaqların köks ötürər
Addım-addım yol boyunca.
Ömrü geri yaşayarsan,
Darıxarsan göz doyunca.
Ta küsməzsən fələkdən də,
Kimsəni qanlı tutmazsan.
Özünə qalib gələndə,
Uduzmağı unutmazsan.
Yadında yerim yoxdusa
Bir udumluq nəfəs kimi
Adım gəlməsin dilinə.
Yadında yerim yoxdusa,
Qorxuram yerim bilinə.
Qayıtmağa ömür keçdi,
Qaytarmağa nə çox qəmin.
Quraqlıq udsa dəryanı,
Göz yaşında üzər gəmin.
Bu səfərin sonu bəlli,
Bu səfərin sonu gəlməz.
…altı, yeddi, səkkiz, doqquz,
Səndən sonra ,,on”u gəlməz.
Ömürdü, bilmək olmaz
Ömürdü, bilmək olmaz…
Soyuğu , istisi var.
Çatmadığın ocağın
Çat verən tüstüsü var.
Olur, uzaq düşürsən
Bəzən dostdan, tanışdan.
Darıxmaq pay umdurur
Bir şirin aldanışdan.
Bir də gördün zəng gəlir
Günün, ayın birində.
Bir dualıq yer saxla
Dilinin əzbərində.
Ürək susur dərində
Pıçıltın daş eydirir,
Ürək susur dərində.
Gileylər çiçək açır
Dilinin and yerində.
Yollar lal olub yenə
Gözünə qan sağalı.
Dodağını ovudur
Duaların sığalı.
Fikrin hecalansa da,
Yenə içində birsən.
Susa-susa səbrinə
Danışmaq öyrədirsən.
Ürək gəzir piyadə
Adam kimi doğulduq,
İt günündə baş olduq.
Neçə ölən ağrının
Köçünə yoldaş olduq.
Hər keçən gün nağılmış,
Hər gələn gün çox uzaq.
Yenə adam dilində
Ulayır dərd-yalquzaq.
Mələklər də diksinib,
Çiynimizdə yatammır.
Ürək gəzir piyadə,
Vaxt ömürə çatammır.
Diri şəklimi gördüm
Unutduğum günlərin
Xatırladım adını.
Xatirələr dəyişdi
Ayrılığın dadını.
Susub kilidləsəm də
Könül adlı odamı,
Darıxanda susmaq da
Sındırarmış adamı.
Diri şəklimi gördüm
Səbrimin aynasında.
Ha yüyürdüm, çatmadım,
Özüm özümə sonda.
Tural Adışirinin təqdimatında..
Manera.az