40 qəpiklik dondurma və ölən anamın adının nisyə dəftərində qaralanmağı…

Uğurun 6 yaşı var. Evə çatan kimi məni yolda qarşılayır:

 

– Ata, nə aldın?

– Qarpız.

– Ata, qarpız nədi, meyvədən-zaddan al dənə…

Evə həmişə nəsə alıb gəlmirəm. Çox şeyi evimizin yanındakı dükandan alıram. Pul olanda nağd ödəyirəm, olmayanda hamı kimi mənim də adım nisyə dəftərinə düşür.

Uğur evə əliboş gəlməyimin qisasını almaq üçün bu dəfə qulağıma pıçıldayır, bilir ki, anası eşitsə, qoymayacaq:

– Ata, Elməddindən (qonşu dükanın sahibidi) “marojna” alaq?

– Gedək alaq, amma 40 qəpiklik. Pul yoxdur.

– Ay ata, axı 40 qəpiklik “marojna”nın dadı yoxdur, onu xoşlamıram, çiyələkli yaxşıdır.

İstədiyi dondurmanı alıb yeyir. Anası görəndə isə deyinir:

 

– Hər gün uşağa dondurma alma, soyuqdu, qarnı ağrıyır.

 

Bu sözlərə qulaq asa-asa uşaqlığım yadıma düşür. Axı onda şokoladlı dondurmaya həsrətlə baxardıq. İndiki uşaqlar nə qədər xoşbəxtdir, ilahi! Kəndimizə “Muravey” motosikletlə dondurma gətirib satırdılar. Atam yay aylarında Rusiyaya çörək dalıyca gedirdi. Ümumiyyətlə, yayda küçəmizin əksər kişiləri evdə olmurdu. Sezona gedirdilər. Ona görə hansısa qonşu bizə toyuq başı kəsdirəndə özümüzü kişi kimi hiss edirdik. Sürücü “marojna-marojna” deyə qışqırırdı. Səsə çıxıb küçəyə qaçırdıq. Dondurma almağa pulumuz olmurdu. Allaha yalvarırdıq ki, kaş dondurmanı kartofa dəyişəydi.

 

Kəndimizin əsas dolanışığı kartof əkinindən çıxırdı. Ona görə də qonşu rayonlardan satmağa qarpız, yemiş, meyvə, bir sözlə, nə gətirsələr, onu kartofa dəyişirdilər. Natural təsərrüfatlar dövründə olduğu kimi…

Uğur hər dəfə dondurma istəyəndə o ağrını yaşayıram. Ona görə istəyirəm ki, uşaq istədiyi dondurmanı alıb yesin. Çünki o, bilmir ki, həmişə cibimdə pul olmur. Mən də onun dondurmalarının pulunu nisyə dəftərinə yazdırıram. Bir dəfə dedim ki, gedək, dondurmanı nisyə alacam.

Dedi ki, ata, nisyə nədir? Ona nisyənin nə olduğunu izah etdim.

Nisyə dəftərinin acısını isə 2015-ci ildə anam dünyasını dəyişəndə yaşamışam. Yeddi mərasimindən sonra qohumlar dedi ki, kimə nə borcu var, apar ver, qoy halallıq olsun. Mən də kəndimizin başındakı dükana anamın evə aldığı ərzağın pulunu ödəməyə getdim. Dükan sahibi nisyə dəftərini açıb anamın borcunu göstərdi:

 

– Şəlalə – 100 manat.

 

Pulu ödəyən kimi anamın adını elə qaraladı ki, ürəyim ağrıdı. Ondan sonra bir də anamın adını ancaq məzar daşının üstündə oxuyuram…

 

PAGE TOP