Cəlilabadda kartof əkən fermerlərin sayı niyə azalır?-Araşdırma

Xəbər verdiyimiz kimi ölkəmizdə kartofun istehsalı aşağı düşüb. Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında ölkədə kartof əkin sahələri illik müqayisədə 5,1 faiz azalıb. Hesabat dövründə ölkədə 43556 hektar ərazidə kartof əkilib. Keçən ilin eyni dövründə isə 45907 hektar ərazidə kartof əkilib. Azalma əsasən ölkənin cənub rayonlarından olan Cəlilabadda qeydə alınıb. Məlum olub ki, 2023-cü ilin yanvar-aprel aylarında bu rayonda 5500 hektar ərazidə kartof əkilmişdisə, 2024-cü ilin eyni dövründə əkin sahələri 47,3 faiz azalaraq 2900 hektara düşüb.

Cənub bölgəsində olan əməkdaşımız Cəlilabad rayonunda kartofun əkinin azalmasıyla bağlı fermerlərlə həbsöhbət olub. Fermerlər kartofun istehsalının aşağı düşməsinin bir neçə səbəbini sadalayıblar.

1. Toxumun qiymətinin baha olması.

Onlar bildiriblər ki, Rusiya və Ukraynadan gətirilən “udaçi” və arizona” adlı bol məhsul verən toxumlar əkirlər. Bu toxumların qiyməti ölkəyə gətirilərək onlara 1-1.30 manata təklif olunur. Baha olsa da toxumu almağa məcbur olduqlarını deyən fermerlər yetişdirdikləri məhsulu ancaq 30-40 qəpiyə sata bildirklərini deyiblər. Bu qiymətlə isə nəinki qazanc əldə etmək, heç xərcləri belə ödəmək olmur. Fermerlərin sözlərinə görə ötən illərlə müqayisədə yalnız bu il onlar məhsullarını normal qiymətə sata biliblər. Ancaq hər il zərər etdikcə, külli-miqdarda borca düşən fermerlər kartof əkməkdən imtina edirlər. Bu isə təbii ki, kartof əkinin azalmasına səbəb olur.

2. Fermerlərin birbaşa alıcılara çıxışlarının olmaması.

Fermerlər ürək ağrısıyla qeyd edirlər ki, sahədən məhsullarını birbaşa alverçilərə sata bilmirlər. Bunun üçün kənddə el arasında dəllal adlanan işbazlar var ki, yalnız onların “dobro”su olmadan hansısa alverçinin onların kartofunu alması mümkünsüzdür. Əvvəllər müştəri gətirdiklərinə görə həm fermerdən, həm də alverçidən haqq alan bu adamlar, indi fermerlərlə alverçi arasında bir “Çin səddi” yaradıblar və fermerdən özləri məhsulu alıb üstünə pul qoyub alverçiyə satırlar. Nəticədə il boyu min bir əzab əziyyətlə məhsul yetişdirən fermerdən fərqli olaraq əli cibində olan bu adamlar bir sezona 50-60 min manat pul qazanırlar. Onların bu qanunsuz əməlləriylə bağlı şikayətlər edilsə də təəssüf ki, heç bir tədbir görülməyib.

3. Dövlət dəstəyi.

Fermerlər bildiriblər ki, dövlətin onlara dəstək olmaq üçün yetişdirdikləri məhsulu onlardan alıb Bakı və digər rayonların bazarlarına çıxarmaq imkanı var. Bunun üçün dövlətin məhsulu saxlamaq üçün soyuducuları olmalıdır ki, məhsul isti havada çürüməsin. Çünki vaxtında torpaqdan çıxarılmayan kartof kəskin istilərə görə torpağın altına bişməcə olur. Bir sözlə, kartof sahələrinin sayını artırmaq üçün ilk növbədə fermerlərə dövlət dəstəyi lazımdır. Pambıq kimi, kartof da xüsusi məntəqələrdə qəbul edilməlidir. Fermerlər qeyd edib ki, sadalanan problemlər həll edilsə, kartofun əkinində geriləmə yox, irəliləyiş olar.

PAGE TOP