Azərbaycan-Pakistan əməkdaşlığı önəmli nailiyyətimizdir

Tarixi Zəfərimizdən sonrakı dövrün reallıqları Azərbaycanın bütün sahələrdə, xüsusilə xarici siyasətdə yeniliklərə imza atdığını təsdiqləyir. Bu, özünü həm ikitərəfli əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsində, həm də beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmlənməsində özünün aydın ifadəsini tapır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizin yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu daim artırmasına stimul verir. Belə ki, Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə ikitərəfli əlaqələri onu qitələrarası qovşağa çevirir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır.

Prezident İlham Əliyev cari ilin 11 iyul tarixində İslamabadda dövlət səfəri zamanımətbuata verdiyi bəyanatda dediyi kimi, “Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və biz Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə etdik. Bir sözlə, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu “Multan” adlandırırlar. Beləliklə, onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu bağlantı böyük sərvətdir.

Pakistan və Azərbaycan bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabrında tanıyan ilk üç dövlətdən birincisidir. Diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulmuşdur. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlamışdır. 2017-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasının gümüş yubileyi də qeyd olunub.  Əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.
Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib – Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır.
Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyir, beynəlxalq təşkilatlarda namizədlər məsələsində qarşılıqlı razılığa gəlirlər. İki qardaş dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və və digər sahələrdə əməkdaşlıq edirlər.

 

Nadir Babayev,  

Cəlilabad şəhər sakini, İctimai şuranın sədri

PAGE TOP