“Uşaqları yaxşı böyütməyin ən yaxşı yolu onları sevindirməkdir”

“İnsan hüquqlarına hörmət uşaqlara münasibətdən başlayır. Məlum olduğu kimi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qərara alınıb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir”.

Bunu Məcra.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

O, ölkəmizdə uşaq hüquqlarının qorunması üçün addımlar atıldığını bildirib:

“Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. 1993-cü ildən sonra sözügedən sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatların aparılmasında da özünü göstərib. 1999-cu ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun qəbul edilib.
Ümummilli Lider Heydər Əliyevin dediyi kimi “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Prezident İlham Əliyev də uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimlənir, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar konkret tədbirlər və dövlət proqramları gerçəkləşdirilir.
Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunları da məhz 90-cı illərin ikinci yarısında qəbul olunub. Həmin vaxtlardan sonra ölkədə qəbul olunan və həyata keçirilən onlarca dövlət proqramı uşaqlarla bağlı bütün problemlərin həllinə yönəldilmiş vahid bir siyasəti reallaşdırır. İcma əsaslı qrupların yaradılması, məktəbəqədər hazırlıq qrupları şəbəkəsinin genişləndirilməsi, məktəblərdə günü uzadılmış qrupların yaradılması yay məktəblərinin təşkil edilməsi, Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Biz Zəfərin övladlarıyıq” adlı tədbirə şəhid övladının qatılması və digər təşəbbüslər təhsil siyasətimizdə uşaqlara nə dərəcədə önəm verilməsinin bariz nümunəsidir.
Lakin gəlin görək bütün uşaq və valideynlərimiz öz hüquq və vəzifələrini lazımınca bilirlərmi?
Biz uşaqlarımızı sağlam böyüdə bilirikmi? Valideyn və şagirdlərin bir çoxu nəinki Konvensiyanın müddəalarını, hətta “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” ilə müəyyənləşmiş öz hüquq və vəzifələrini belə lazımınca bilmirlər. Konvensiyada valideynin, dövlətin hər bir uşağın hüquq və məsuliyyəti konkret şəkildə öz əksini tapıb. Belə ki, Konvensiyanın 18-ci maddəsinə əsasən “Valideynlər uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti birlikdə daşıyırlar.” 19-cu maddəyə əsasən isə, “Dövlət uşağı fiziki, yaxud psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın hər cür formasından qorumaq məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görməlidir.” Bu sahədə xeyli iş görülsə də həllini gözləyən xeyli işlər hələ də qalmaqdadır. Təlimə ifrat dərəcədə aludəçiliyimiz tərbiyə işini arxa plana keçirib. Uşaqlarla tərbiyə işinin təşkilində məktəb-valideyn münasibətləri hələ ki, lazımınca tənzimlənməyib. Uşaqlar arasında qeyri-etik hərəkətlərə yol verilməsi halları hələ də davam etməkdədır. Məktəbli qızların qoşulub qaçması, erkən ərə verilməsi, oğlan və qızlar arasında intihar halları tez-tez qeydə alınır. Təhsildən yayınma halları küçə uşaqlarının sayını artırmaqda davam edir. Tədris proqramlarının yüklülüyü, dərs materiallarının ağırlığı uşaqlarımızın fiziki sağlamlığında problemlər yaradır. Uşaqlar bizim gələcəyimizdirsə və gələcəyimiz etibarlı əllərdə görmək istəyiriksə uşaqlarımııza qarşı diqqət və qayğımızı artırmalıyıq”.

Vasif

PAGE TOP