“Görsən üşüyürsən…”-Qulu Ağsəsin şeirləri

Qulu AĞSƏS – 55

***
Görsən ki, qaranlıq çökür aləmə,
Görsən ki, axşamdı…fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu
Nə qədər imkan var rahatlan, uyu…

Qəflətən bir çağa salar hay-həşir
Səhər – körpəsidi doğan Günəşin.
Onu ovutmağa tələsər hamı,
Beləcə, salarlar yenə axşamı.

Təzədən qaramat basar dünyanı,
Hanı doğan Günəş? körpəsi hanı?
… Görsən hər tərəfdən əlin üzülür,
Görsən üşüyürsən…yandır özünü…

***
Canım-gözüm, şükür de ki,
Ölsən də başın üstdəki –
Pəmbə buluddu, daş deyil…

Sevməyi var, sancmağı var
Baxma hərdən uçmağı var –
Ürək yuvadı, quş deyil…

Neynəyərəm görən sənsiz?!
Ha istədim öləm sənsiz –
Baxdım ki, mənlik iş deyil…

Bu da mənim baxtımdandı,
Gözüm Tanrı taxtındadı –
Onun da yeri boş deyil…

***
Çox da salıb dünyanı eynəyim gözdən – nolar
Ağız suyuyla bitir dodaqda söz də – nolar…
Ölüm nə çətin işdi, gör nə gözəl cəzan var,
Dörd tərəfin köpəksə, demək, mühafizən var…

Yer tərpənir – tərpənsin, sallanarsan budaqdan
Bir də gördün əl edir kimsə sənə uzaqdan…
Nə lazım, uzaqbaşı bircə otağın ola
Gecənin bir yarısı qəfil qonağın ola…

Sevəsən bu gəlişi başdan ayağa kimi
Küsdürəndə ağlaya qoynunda çağa kimi…
Gedəndə könlünü də yalvar – yapış apara
Gün görməmiş dərisin gün çıxmamış apara…

… Gedə, bir də qapından əcəl girəndə gələ
Günəş xəstə dünyaya şüa verəndə gələ…

***
Allaha baxmasaydım,
girməzdin yuxuma da!
Torpaq kimi soyuyur –
ən isti, yaxın adam…

Harda itib – batmısan,
hayına çağır gəlim.
Toyuna çağırmadın,
vayına çağır gəlim…

De, necə tapım səni,
nə mərdəm, nə ov iti.
Sənin izin, ünvanın
mənim axırım itib.

Bəlkə veriblər səni
Tanrının yaddaşına?
Mən sənə söz tapşırım,
sən də öz adaşına:

Nə olar, ayırmasın
de, ikimizdən məni!
Getdin?.. sənə yaxşı yol,
gəlməsən, gözlə məni..

***
Bu dünyada heç kəsə demədim…
O dünyada soruşsalar:
sən kimsən? –
gözümü yumub, ağzımı açacam!
Deyəcəm ki:
altındakı skamyada
bir yol özü oturmayan
yorğun ağacam…

***
Bəzi şeirlərin hekayəsi var,
Bəzi xoşbəxtliyin qafiyəsi var.
Buludlar yağış yox, toz ələyirlər
Ulduzlar yanmır ha…
his eləyirlər.
Beş-üç arzu etməz ömrün qalığı
Didir başımızı kəpək balığı.
Daş-daş oynanılan bir aynabəddi,
Aman umduqları amana bənddi.
Nə talant?
nə vergi?
nə sehr? –
Adam
Günü axşam edir bikarçılıqdan.
Yaxşı pəhrizi var iztirabların
Nə özüm kökəldim,
nə kitablarım…

***
Yorulub oturdum
varağın bir küncündə,
ürəyim it kimi ulayır
it kimi…
at gücündə.
Qışa bir taya şeir yığmışam
sözü misraya vura – vura.
Günəş – müqəvva görünsəydi
gecəni quş kimi qorxuzub uçura…
Düşünürəm:
Yaşamaq!
– dünyanın ən zor işi!
Yaşamaq!
– irəli qovaraq keçmişi!
Fəqət…
istəyirəm əcəl gələndə
qarşımda heç nə dayanmasın.
Məni elə çağırsın ki,
sevgilim yuxudan oyanmasın…

***
Dilimdən düşmür bir ad
nöqtələr
Tanrıdan gözəl cəllad
nöqtələr
Dərdidi dərmanımın
nöqtələr
Arasında qanımın
nöqtələr
Yel vurduqca tökülür
nöqtələr
“Göy” suala bükülü
nöqtələr
Qələm-varaqdı, bir də
nöqtələr
Göydə Allahdı, yerdə
nöqtələr

***
Qələt eləyərəm desəm:
Hamı qələt eləyir…
Allah bizi xəlq eyləyib,
Yoxsa lənət eləyib?!

Qaç bu xain yuvasından
Əri, yox ol havada.
Qorx ki, yenə yerdən çıxa
Buluddan dama adam…

Baş açmazsan:
yaşdı, ya da daş?! –
Damarında qan durar.
Gözündən düşən nədisə,
Ayağını sındırar…

Bu da axır…
bu da xilas…
Son gecə…
səhər ertə…
Qoşulub göyün quşuna
Üstündən saat ötər…

***
Yastıq qoyub başımıza
əcəb yatırdın bizi.
Aç gözünü, qaranlığın
Qırıb batırdı bizi.

Milyon illərdi yeyirik
Süfrənin qırağından.
Çörək bizi tutar deyin,
Dinmirik qabağından.

Nə boydasan görən heylə?
Bir ölçüyə gəlmirsən?
Baş çəkmirsən qullarına
Bizə niyə gəlmirsən?

…Özünü görməsək də,
Xofun yamandı, Allah!
Bizi qırıb qurtarmamış,
Ölmə, amandı, Allah!..

***
Kimsən, nəçisən, ay Allah –
Heç səndən baş tapammadıq.
Özün qurduğun dünyada
Sənə bir iş tapammadıq.

Günün necə keçir barı,
Can verib can almağınan?..
Səni nəynən bəndə salaq,
Tutaq hansı qarmağnan?!

Görsək, heç nə eləmərik,
Bir üzünü göstər bizə!
Yaxşı günün əgər busa,
Yaman günü göstər bizə!..

Neyləsən, sevirəm səni,
Qulunam, gəl min boynuma!..
Bu şeiri də sən yazmısan,
Babalı mənim boynuma…

***
Nə olar, bir səhər durub görəsən,
Divarlar üstünə Allah yazdırıb.
Qış günü soyuqdan ölən ağacın
Yasına mart ayı yarpaq yazdırıb…

Başını yelləsən, odu közərir,
İşıq vermir, amma işıq söz verir.
Bircə eybi var ki, dünya gözəlin
Məni qucağına qonaq yazdırıb…

Şükür o göydəki ismin halına,
Şükür yağışına, şükür qarına.
Şükür adımızı öz jurnalına
Əcəl adqoydudan qabaq yazdırıb…

***
Rəngsizdi, tamsızdı,
ətsiz-qansızdı,
Allahsız, imansızdı,
Mən çəkən dərdlər.

Nəfsi bıçaqdan iti,
içimi dağıdır, didir,
vecinə deyiləm qəti
Mən çəkən dərdlərin.

Nə ət deyil,
nə siqaret
Deyəsən çəkildi, qurtardı.
…Dünya, Tale, Tanrı deyilən
nə var hamısı günahkardı
Mən çəkən dərdlərə.

Dərdi nə çəkiləsidi,
nə qaçılacaq,
Mən çəkən dərdlərin.
…Bir gün “sərgisi” açılacaq,
Mən çəkən dərdlərin.

***
Yazırsan: «Ölürəm…» Min şükür, alqış!
Nə yaxşı, sevgidən ölən hələ var.
Demə, kişidən də mələk olarmış,
Əzrayıl olanda axı nə olar…

Bilmirəm dünyanın xoşbəxti deyim,
Bilmirəm dünyanın bədbəxti sənə.
Düzü, istəmirəm xətrinə dəyim,
Cavab axtarıram nə vaxtdı sənə…

Kimsə ayağını qoymaz içəri –
Könlümün keşiyin balam çəkirsə.
Sevgi ötən gündür məndən ötəri,
Sən məni səvməklə dala çəkirsən.

Cavab məktubumda sözlər baş-ayaq,
Bir ucdan yazilir, pozulur elə.
Qorxuram öləsən sevgin yaşaya,
Qorxuram qalasan – məhəbbət ölə.

Tural Adışirinin təqdimatında..

PAGE TOP