Azərbaycan dövlətinin xarici siyasətində Avropada və dünyada söz sahibi olan güclü dövlətlərlə siyasi-iqtisadi və strateji əməkdaşlıqların və tərəfdaşlıqların qurulması önəmli yer tutur. Avropada belə dövlətlərdən biri də Almaniya Federativ Respublikasıdır. Artıq 32 ildir ki, diplomatik münasibətlərin qurulduğu Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri sürətlə inkişaf edib. Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. XIX əsrdə bir qrup alman ailə Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə veriblər.
Bu barədə Prezident İlham Əliyevin cari ilin 28 fevral tarixində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirilib. O, Azərbaycanla Almaniyanın dost və tərəfdaş ölkələr, hər iki tərəfin ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib. Deyilib ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir. Bu gün Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti sürətlə inkişaf etməkdədir.
Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynayıb. Ümumiyyətlə iqtisadiyyat sahəsində, Azərbaycanla Almaniya arasında əlaqələr kifayət qədər inkişaf edib. Ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. Azərbaycanda qeydiyyatdan keçmiş Alman şirkətlərinin sayı yüzlərlədi. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər və bununla bağlı müraciət ediblər.
İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. SOCAR və Almaniyanın “Uniper” şirkəti uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıblar. Azərbaycandakı alman şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərirlər. Artıq bu sahədə bir neçə böyük layihə həyata keçirilib və davam etməkdə olan layihələr var.
Azərbaycanın beynəlxalq birliyə, ayrı-ayrı təşkilatlara, suveren dövlətlərə münasibəti səmimidir və özünə qarşı da belə davranılmasını istəyir. Biz qarşılıqlı maraqlara əsasən münasibətlərimizi daim inkişaf etdirmək əzmindəyik. Doğrudur, bu yolda bəzi maneələr də var. Yaxşı ki, Almaniya neytrallıq nümayiş etdirir. Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir.
Şübhəsiz, Prezident İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi ölkələr arası münasibətlərin müsbət inkişaf dinamikasının göstəricisidir.
Xalid Əsgərov,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı