“Vətən Müharibəsi Qəhrəmanı” şəhid Mehrab Niftəliyevin nəşini məscidə gətirmişdilər. Həmin vaxtı çoxlu sayda şəhidlərimiz gəlmişdi. Mehrab Şuşada şəhid olmuşdu. Şəhid Mehrabın yanından keçəndə bir anlıq dayandım və ona baxanda gördüm ki, insan nə qədər gözəl, nurlu idi. Sadəcə gözlərini yummuşdu, üzündə gülümsəmə var idi, üzündən işıq gəlirdi. Bu hissləri sözlə ifadə etmək olmur. Kərbəla ziyarətindən bir qardaş kəfən gətirmişdi və mənə dedi ki, onu şəhidlərə bükərsən”
Bunu Məcra.az-a açıqlamasında Vətən müharibəsi zamanı şəhidlərimizi şəriət qaydalarına uyğun yuyub dəfnə hazırlayan Cəlilabad sakini Həsən Məmmədov deyib. Həsən Məmmədov həmin vaxt qarşılaşdığı qeyri-adi hadisələri oxucularımızla bölüşüb. Bu dəfə o, şəhid Mehrab Niftəliyevlə bağlı xatirələrini danışıb:
“Mehrabın nəşini görən kimi həmin kəfən yadıma düşdü və onu həmin kəfənə büküb yola saldıq. Bizə orda şəhidlərin şəklini çəkməyə icazə verilmirdi, amma Mehrabın şəklini çəkdim. Müharibədən sonra Mehrabın ailəsinin ünvanını axtardım və dedilər ki, Sumqayıt şəhərində yaşayırlar. Gedib məzarını ziyarət elədim və sonra evlərinə getdim. Həyat yoldaşı və iki övladı bizi qarşıladı. Söhbətimiz zamanı məlum oldu ki, Mehrabın həyat yoldaşı da dəfn mərasimi zamanı onun şəklini çəkib. Xanımı da onun üzündəki nurdan, təbəssümdən danışdı. Mən də telefonumdakı şəkli göstərdim”.
H.Məmmədov şəhid Sahib Şirəliyev haqda da danışıb:
“Şəhid Şirəliyev Sahib Masallı rayonundan idi. Onun anası tam sakit şəkildə gəldi. O, ananın sakit-sakit ağlaması, qürurlu duruşu indi də gözümün önündədir. Sahibin anası onunla danışdıqca, hamımız ağlayırdıq. Mən orda dedim ki, ana, narahat olma, bu günə qədər onun anası sən idin, amma bu gündən sonra xanım Zəhra onun anası olacaq. Çünki biz bilirik ki, şəhidlərin anası xanım Zəhradır. Ananı bu cür təsəlli edib sakitləşdirirdik. Ordakı hadisələr haqda fikirləşəndə bəzən deyirəm ki, sanki yuxudaydım.
Mənim heç vaxt unuda bilməyəcəyim bir hadisə var. Bilirsiniz ki, 2019-cu ildə 20 yaşında oğlum iş qəzası zamanı dünyasını dəyişib. Bir şəhid gətirmişdilər və onu yumağa hazırlayanda üzünə baxanda gördüm ki, mənim oğluma oxşayır. Şəhidimiz Cəlilabad rayonundan idi. Şəhidin adı Mürtaza Qasımov idi. Təsəvvür edin ki, oğlumun da adı Mürtaza idi. Gözyaşlarımla şəhidə qüsul verdim. O, şəhidi yudum, öpdüm, qoxladım, oğlumun qoxusunu aldım. Müharibədən sonra da məzarını ziyarət elədim, ailəsinə baş çəkdim. Bu hadisələr qiyamətə qədər mənimlə olacaq”.
Ardı var…
Hazırladı: Vasif Əlihüseyn