Bir neçə gün öncə atamdan Rusiyada yaşayan iş yoldaşım, dostum Vüsalın ölüm xəbərini alanda həm təəccübləndim, həm də təəssüfləndim, çünki Vüsal çox cavan idi. Atam onun ürəktutmasında öldüyünü dedi.
Elə o gündən fikirli-fikirli gəzirəm, Vüsalla bağlı xatirələrimiz yadıma düşür. 2005-ci ilin aprel ayında əsgəri xidmətimi başa vurub atamla Rusiyaya işləməyə gedəndə Vüsalla tanış olmuşdum. Daha doğrusu atam bizi tanış etmişdi. Sonra bu münasibət dostluğa çevrildi. Bir müddət sonra iş yoldaşı olduq.
Vüsal bir rus qadınla münasibətdə idi, qadının birinci ərindən bir oğlu var idi. Amma adamın üstündə Allah var, çox yaxşı qadın idi. Bir neçə il onların münasibəti davam etdi, amma bir gün hər ikisi bu münasibətə son qoydular, ayrıldılar.
Sonra Vüsal işdə iş yoldaşımızla tanış oldu və sevgili oldular. Nataşanın da birinci ərindən bir oğlu var idi. Bu münasibət isə zamanla daha da ciddiləşdi və onlar ər-arvad kimi yaşamağa başladılar.
2010-cu ildə mən qərib yerdə darıxdım deyə Bakıya qayıtdım. Hansı ki, 21 yaşımda 500 dollar maaş alırdım, amma təhsil aldığım universitetin bir illik ödənişi 600 dollar idi. Onu da deyim ki, Rusiyada çörək var, işləsən, həmişə cidində pulun olacaq. Amma mən bütün bu imkanları qırağa qoyub Azərbaycana qayıtmağı üstün tutdum. Elə o vaxtdan indiyə kimi bir-iki ilini çıxmaq şərti ilə maddi sıxıntılar içində yaşayıram.
Rusiyadan qayıtdıqdan sonra Bakıda restoranda ofisiant işləyirdim. Bir gün Vüsaldan mənə zəng gəldi və bildirdi ki, “Azərbaycandayam, gəldim rayonda evləndim”. Sonra Bakıya yanıma gəldi və bildirdi ki, bilet pulusu yoxdu, işləyib, pul düzəldib, bilet alıb Rusiyaya qayıtmalıdır.
Dedim ki, bəs axı Nataşanın yanına qayıdacaqsansa, burda niyə evləndin ki? Dedi ki, “evdəkilər dedi evlən, bəlkə Nataşadan ayrıldın və bir də bizim qadınlar sədaqətli olur, sən qocalıb gələndə qulluğunda durar”. Doğrusu onun bu fikirləri məndə elə də xoş təəssürat yaratmadı. Bildim ki, yenə bir qızın bəxti qara gətirdi.
Vüsalı da işə düzəltdim və işləyib bilet pulunu düzəltdi. Nataşa isə hər gün zəng vurub soruşurdu ki, sən haçan gəlirsən? Vüsal da hər dəfə Nataşanın qılığına girib ondan vaxt istəyirdi. Onun artıq Nataşadan bir oğlu var idi. Bir ay sonra Vüsal bilet pulunu düzəldib Rusiyaya qayıtdı. Ondan sonra yenə Vüsalla əlaqəmiz kəsildi. Heç bir dəfə ordan yazıb demədi ki, mən qayıtdım, burdayam, yaxşıyam.
Onun ölüm xəbərinə isə hələ də inanmıram. Çünki Vüsal həqiqətən pis insan deyildi.
Ruhun şad olsun,qardaş!
“Adalet.az”