Kəndimizin başındakı böyük spirt zavodu fəaliyyətini dayandırdıqdan sonra rayonumuzdakı üzüm bağları da ləğv edildi. Bundan sonra yüzlərlə kənd sakini kimi atam da işsiz qaldı. Ondan sonra çətin, qayğılı günlərimiz başladı.
Bir gün anam dedi ki, “atanın yuxusuna Ulu öndər Heydər Əliyev girib və kürəyinə əlini vuraraq deyib ki, darıxma, hər şey yaxşı olacaq”. Ondan sonra hamımız o yuxuya inanmağa başladıq və maddi vəziyyətimizin düzələcəyinə əmin olduq. Həqiqətən də elə oldu, atam Rusiyaya qardaşlarının yanına üz tutdu, orda işlədi və evə pul göndərməyə başladı. Ondan sonra dolanışığımız düzəldi.
2003-cü ilin oktyabr ayında əsgər yollandım. Bakıda yerləşən “N” saylı hərbi hissədə xidmətə başladım. Artıq dekabr ayı idi, dekabrın 12-də Ulu öndər Heydər Əliyevin nəşini Azərbaycana gətirirdilər. Hava limanından canlı yayım verilirdi, onda kazarmada hamımız əyləşib televizorda o kadrlara baxırdıq. Bütün əsgərlər ağlayırdı. Darıxdım, zəng vurub anamla danışdım. Anam da ağlayırdı: “Dedi ki, Gülzar xala, Faxı xala, bir sözlə hamı bizdədi, televizora baxırıq. Heydər babanın nəşini gətirirlər”.
Ulu öndər Heydər Əliyevin üç mərasimi günü hərbi hissədən bir qrup əsgəri ziyarətə apardılar. Həmin qrupda mən də var idim. Fəxri Xiyabanda o qədər adam var idi ki, necə deyərlər “iynə atsan yerə düşməzdi”. Hamımız papağımızı çıxarıb Ulu öndərin məzarının qarşısından keçdik. Onda Faxı xala məni televizorda görmüşdü.
İl yarımlıq xidmətdən sonra ordudan tərxis olundum. 2011-ci ildə ilk şeirlər kitabım “Ayrılığın rəngi” çap olundu. Kitab dekabrın 12-də çapdan çıxdı. Bu Ulu öndərin anım gününə təsadüf edirdi. Bəlkə də bu da bir alın yazısı idi.
İki gün öncə dekabrın 12-də Ulu öndər Heydər Əliyevin anım günü idi. Həmin gün bir də keçmişə, iyirmi il öncəyə qayıtdım, o günləri xatırladım.
İndi anam da, Faxı xala da bu dünyada yoxdu. Hamısı Ulu öndər kimi haqq dünyasındadırlar. Ruhları şad olsun!
“Adalet.az”