“Ulduz” jurnalının noyabr-dekabr sayı işıq üzü görüb.
İlin son sayı Elşad Baratın Vətən müharibəsi şəhidlərinə həsr edilmiş silsilə şeirləri ilə açılır.
“Şeir vaxtı”nda Günel Balakişinin, Xəyalə Sevilin, Zöhrab Mehdinin, İsmayıl İmanzadənin və Aysel Xanlarqızının şeirləri, “Nəsr” rubrikasında isə Məmməd Məmmədlinin “Mən atamı xatırlamıram” hekayəsi, eləcə də Günel Natiqin “İki simvol: bal və qarışqa” başlıqlı araşdırma yazısı yer alıb.
“Ulduz” jurnalı ilə “525-ci qəzet”in ortaq layihəsi çərçivəsində Məti Osmanoğlunun hazırladığı “Gənc yazarlar üçün nəzəriyyə dərsi”nin cari mövzusu “Ədəbiyyatşünaslıq və təkamül nəzəriyyəsi”dir. İlham Abbasov romantizmin son cəngavəri adlandırılan, Nobel mükafatı laureatı Herman Hessenin həyat və yaradıcılıq yoluna nəzər salır.
Dilarə Adilgilin “Tək adam” başlıqlı yazısı Ənvər Məmmədxanlının 110 illiyinə həsr edilib. Şair, esseist, nasir, ssenarist və bəstəkar Bulat Okucavanın “Tərcümə saatı”nda yer almış şeirlərini dilimizə Hicran Hüseynova çevirib.
Taleh Mansurun təqdimatında “Yazı masası”nın budəfəki qonağı şair, publisist, Əməkdar incəsənət xadimi Barat Vüsaldır.
Şirməmməd Nəzərlinin “Natamam bir əsrin özəl nöqtələri” başlıqlı yazısı müəllifin keçdiyi həyat yoluna işıq salır.
Rəşid Faxralının “Gerçək nağıllar” mənzum hekayəsində Vətən müharibəsində canından keçmiş vətən oğullarının qəhrəmanlıqlarından söhbət açılır.
“Ulduz” jurnalı böyük sayğı hissi ilə Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olmuş Mustafa Hüseynovun bir zamanlar ifa etdiyi “Gəldim Qarabağa bahar çağında” başlıqlı şeirini təqdim edir.
Nəhayət, “Dərgidə kitab”da Nəriman Qasımoğlunun şair, ədəbiyyatşünas və tərcüməçi Qasım Qasımzadəyə həsr etdiyi “Türkiyə həm sizindir, həm də bizim” sərlövhəli yazısı, “Dərgidə sərgi” rubrikasında isə Şirməmməd Nəzərlinin çəkdiyi fotolar yer alıb.
azertag.az