“Mənə elə gəlir ki, ölkə Prezidentinin rayonlara səfəri çərçivəsində Qazaxda məşhur Qazax müəllimlər Seminariyasının binasında olması, onun fəaliyyətiylə tanış olması, bir tərəfdən tamaşaçılar üçün böyük bir informasiya xətti açdı, digər tərəfdən həmin seminariyanın mövcudluğu barədə məlumatı olmayanlara ətraflı məlumat verdi”
Bunu Adalet.az-a açıqlamasında prosessfor Qulu Məhərrəmli deyib. Q.Məhərrəmli paytaxtdakı universitetlərin bölgələrdə filiallarının olmasının yeni təhsil mühitinin formalaşmasına töhfə verdiyini bildirib və bunun vacib olduğunu vurğulayıb:
“Qazax Müəllimlər Seminariyası iki səbəbdən bizim üçün qiymətlidir. Birincisi ona görə ki, o Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. Çünki 1917-18-ci illərdə Qafqazda ciddi problemlər baş qaldıranda Qori Müəllimlər Seminariyası da fəaliyyətini dayandırdı və Cümhuriyyət qurulandan bir neçə ay sonra onun liderləri Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi haqda qərar qəbul etdilər. Hesab edirəm ki, bu bir tətəfdən ənənə, təhsil, xalqımızın tarixində çox önəmli rol oynamış maarifçilik işinə verilən dəyər idi. İkinci bir tərəfdən bilirsiniz ki, o dövrdə məktəblər var idi, amma sayca çox az idi. O məktəblərdə də hər kəsin oxumaq imkanı yox idi. Ona görə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi çox ciddi hadisə idi. Bu işdə əlbəttə, bizim böyük maarifçimiz, Azərbaycan ədəbiyyatının tədqiqatçılarından biri, uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, dil məsələlərində fəal iştirak edən Firudin bəy Köçərli Seminariyanın təşklində çox böyük rol oynadı. Orda imkanlı adamlar ortaya çıxdı, Seminariya üçün bina alınmasında, vəsait toplanmasında Qazax əhalisinin öndə gedən imkanlı adamları çox ciddi rol oynadılar.
Əlbəttə ki, maarifçilik işində Firudin bəy Köçərlinin ömür-gün yoldaşı Badisəba xanımın da tarix üçün çox böyük xidmətlərindən biri o oldu ki, seminariyanın təşkilində, uşaqların tədrisə cəlb olunmasında böyük tərəqqi iş gördü.
Bu dünənki tarixdir, amma bu gün o seminariya ADA Universitetinin, bizim şəxsən hörmətli rektor Hafiz Paşayev seminariyanın bərpa olunması üzərində çox ciddi iş aparandan sonra ora fəaliyyət göstərir. Orda əsasən ibtidai sinif müəllimləri hazırlanır və o müəllimlər bizim düşündüyümüz, gördüyümüz klassik mənada dərsə girən, şablon müəllimlərdən deyil. Onlar ingilis dilinə yiyələnən, pedaqoji təcrübələrini Amerika Birləşmiş Ştatlarında keçən, çox müasir təhsil texnologiyalarına yiyələnən insanlardır. Ona görə bu seminariyanın dəyəri ondadır ki, həm tarixi missiyasını davam elətdirir, həm də onu yeni texnologiyalarla zənginləşdirir.
Qazax rayonunda təhsillə bağlı çox ciddi addımlar atılır və biz bunu təqdir edirik. Yəni bu onu göstərir ki, bizim bölgələrdə təhsil şəbəkəsi düzgün qurulmalıdır. Universitetlərin filialları fəaliyyət göstərməlidir. Bu gün bizdə bir neçə rayonda ciddi təhsil müəssisələri fəaliyyət göstərir. Vaxtilə Lənkəran Universiteti yaranmışdı və indi də normal fəaliyyətini davam etdirir. Onun fəaliyyəti diqqət mərkəzindədir, çünki yeni kadrlarla zənginləşdirilir. O universitetin işi təqdirəlayiqdir. Təbii ki, nöqsanlar hər yerdə var. Onları aradan qaldırmaq çox önəmlidir.
Bakı Dövlət Universitinin Qazaxda filialı fəaliyyət göstərir və bu çox müsbətdir. İqtisad Universiteti indi bizdə fərqli ali məktəblərdən biridir. Onun Zaqatalada fəaliyyəti var. Azərbaycan Dövlət Pedaqoji Universitetinin çox zəngin tədris ənənəsi var. Qubada, Ağcabədidə, Gəncədə və bir çox rayonlarımızda bunların filialları var və bunu təqdir etmək lazımdır. Çünki əvvəla tələbələrin, gənclərin şəhərə axınını nisbətən azaldır. Həm də o yerlərdə təhsil müəssisəsinin olması yeni, mədəni təhsil mühitinin formalaşmasına ciddi şəkildə təsir edir. Orta məktəblərin fəaliyyətinə müsbət təsir edir. Universitetlər işlərini yaxşı quranda yüksək ixtisaslı müəllimlər də gedib orda fəaliyyətlərini davam etdirirlər. Ona görə bu xətt davam etməlidir. Bizim digər ali məktəblərimizin də bölgələrdə fəaliyyəti olmalıdır və davamlı olaraq fikir mübadiləsi aparılmalıdır”.
Vasif Əlihüseyn