“Nə qədər əsəbi, gərgin olsa da, hamımız onu çox istəyirdik…”

“Zülfüqar müəllimin vəfat xəbərini feysbukda oxuyub dəhşətə gəldim. Çünki beş il rəhbəri olduğu saytda çiyin-çiyinə çalışmışıq”

Adalet.az xəbər verir ki, bunu jurnalist Vasif Əlihüseyn deyib. V.Əlihüseyn Zülfüqar müəllimin rəhbərliyi altında beş il müddətinə jurnalistika sahəsində çox şeylər öyrəndiyini bildirib: 

“Birlikdə cəbhə bölgəsinə getmişik, bir otaqda yatmışıq. Saytımızda gərgin iş rejimimiz var idi, ona görə Zülfüqar müəllim həmişə özü də gərgin idi. Saytda işə başlamağım isə 2016-cı ilə təsadüf edir. Sadəcə işləmək istədiyimi dedim və onunla da işə başladıq. Moderator.az saytı bir məktəbdi, onun müəllimi isə Zülfüqar müəllim idi. Nə qədər əsəbi, gərgin olsa da hamımız onu çox istəyirdik. Onun rəhbərliyi altında jurnalistika sahəsində çox şeylər öyrəndim, məşhurlarla tanış oldum.

İndi sosial şəbəkədə baxanda görürsən ki, etdiyi xoş əməllərinə görə hamı onun təmənnasız insan olduğundan danışır. Zülfüqar müəllimin ölümü alın yazısı idi. Getdi öz doğma Başlıbelində vəfat etdi. Amma onun itkisi mənə elə təsir edib ki, sanki çox yaxın bir adamımı itirmişəm. Əslində elə belədir. Çünki beş il ərzində çox doğmalaşmışdıq.
Ailəsinə, yaxınlarına və Moderator.az kollektivinə başsağlığı verirəm”.

👁 baxış