Birinci Qarabağ savaşında döyüşərək iki ayağını itirən hərbçimiz Maşalla Əliyev 1994-cü ildən bu gün kimi gənclər arasında vətənpərvərliyi təbliğ edir. Onun təbliğ etdiyi bu məktəbin çox böyük qəhrəman övladları yetişib.
Maşalla Əliyev 1954-cü il aprelin 14-də Cəlilabad rayonunda anadan olub. Azərbaycan Texniki Universitetini bitirib. İxtisasca inşaatçı olsa da, bununla yanaşı, universitetin tərkibində hərbi kafedranı da bitirib. İki il zabit kimi Sovet ordusunda xidmət edib. Qarabağ Qaziləri Birliyinin Cəlilabad filialının sədridir.
Adalet.az Maşalla Əliyevlə müsahibəni təqdim edir:
– Döyüş yolunuz hardan başladı?
-Xocalı hadisəsindən sonra döyüşə getməyə qərar verdim.1992-ci il martın 8-də rayondan birbaşa Ağdama yollandım. Zabit olduğum üçün tez bir zamanda batalyonda nizam-intizam yarada bildim. Milli Qəhrəman Asif Məhərrəmov (Fred Asif) batalyon yaratmışdı və mən də o batalyonda döyüşürdüm. Amma müharibəyə gedən adam üçün rütbə maraqlı olmur. Mən özümü Azərbaycan əsgəri, döyüşçüsü sayırdım.
– Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmisiniz?
– Xeyr! Həmin vaxt hospitalda müalicə olunurdum. Geyim və ərzaq çatışmazlığımız var idi və bu da bizə problem yaradırdı. Amma müalicəm bitdikdən sonra yenidən döyüşə yollandım. Naxçıvanik kəndi uğrunda gedən döyüşdə iştirak etdim və kəndi düşməndən azad etdik. Həmin vaxt ermənilər çox sayda itki verdilər.
– Döyüşlər zamanı iki ayağınızı itirmisiniz. Bu hadisə necə baş verdi?
– İndiyə kimi yadımdadır. 1993-cü il dekabr ayının 3-ü idi. Xocavənd rayonunda Şişqaya deyilən bir yer var. Biz “Qaz 66” maşınında döyüşə gedirdik. Mən sürücünün yanında oturmuşdum. Maşınımız mən oturan tərəfdən yolda tank əleyhinə minaya düşdü. Zərbənin gücündən mən 5-6 metr uzağa düşdüm. Bir də baxdım ki, mina ayaqlarımı aparıb. Əslində yer qar olduğu üçün mina düz partlamadı, sağa-sola yayıldı. Əgər düz partlasaydı, məni külə döndərərdi. Yoldaşlar məni dərhal hospitala çatdırdılar.
– Ayaqlarınızı itirdikdən sonra ruhdan düşmədiniz ki?
– Xeyr! Mənim üçün ayaqlarımı itirmək şərəfdi. Mən ayaqlarımı itirəndə vətən torpaqlarını öz qanıma boyamış oldum. Biz o yerlərə vətən möhürü vurmuşuq. Tək mən yox, həmçinin şəhidlərimiz və qazilərimiz də. Mən vətən üçün döyüşmüşəmsə, ayaqlarımı itirdiyimə görə bədbin ola bilərəmmi? Yox, əksinə mən özümə şərəf sayıram ki, vətən qarşısında gücüm çatan qədər borcumu vermişəm. Hansı ki, vətən yolunda başımı qoymağa getmişdim.
– Siz özünüz də bunun şahidi oldunuz ki, Milli Qəhrəman Mübariz İbrahimov, Fərid Əhmədov və Əhməd Abdullayevin qəhrəmanlıqları çoxdankı sükutu pozdu…
– Mübariz İbrahimov çox böyük əfsanə yaratdı. Fərid və Əhməd isə bizim çoxdankı kəşfiyyatçılarımız idi, çoxları onları şəhid olandan sonra tanıdı. Fərid və Əhməd uşaq olanda başlarına sığal çəkmişəm, demişəm ki, bu vətəni sevmək, uğrunda şəhid olmaq lazımdır. Onlar haqda hazırlanan tamaşada mənim dediklərimi də orda verdilər.
– Sizcə, ermənilərin törətdiyi faciələri bu gün düzgün təbliğ edə bilirikmi?
– Bu mövzuda çox danışmaq olar. Niyə axı biz qəhrəmanlıq salnaməmizi soyqırım kimi dünyaya təqdim etməliyik? Ağlayırıq, sızlayırıq. Sözü Xocalı faciəsinə, 20 Yanvar hadisəsinə gətirmək istəyirəm. Xocalı faciəsi əslində Xocalı salnaməsidir. Orda qadınlar, qızlar döyüşüb. 20 Yanvar hadisəsi qanlı 20 Yanvar hadisəsi kimi yox, Şanlı 20 yanvar hadisəsi kimi qeyd olunmalıdır. Bu bizim şəhidlik günümüzdür. Şəhidlik günündə isə nə millət, nə də qərənfil ağlayır.
Vasif Əlihüseyn