Prezident İlham Əliyevin mayın 28-də Laçına səfəri, orada doğma yurd-yuvasına qayıdan sakinlərlə görüşü, sadə insanların yanında olması bir daha onun Azərbaycanın güclü lideri olmasının sübutudur. Bu baxımdan, dövlətimizin başçısının rayonlarda çoxsaylı təməlqoyma mərasimləri və açılışlarda iştirakı, xüsusilə ilk 20 ailənin Laçında məskunlaşması müstəqillik günündə onun xalqımıza hədiyyəsidir. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını bir daha göstərir.
Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonu işğal edildikdən sonra rayon ərazisi vəhşiliklə və amansızlıqla dağıdılmışdır. Erməni işğalı nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilmiş və 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır.
Diqqətinizə çatdıraq ki, artıq Azərbaycan infrastruktur quruculuğu, şəhərsalma sahəsində ən öndə gedən ölkələrdəndir. Bu minvalla qeyd etmək olar ki, mənfur düşmənlər tərəfindən yerlə yeksan olunan Qarabağımız da yenidən qurulacaq. Prezident həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürünün olduğunu söyləyərək bildirdi ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub. Əlbəttə ki, bütün bu hədəflər bəyan edilməyib, çünki hələ tezdir. Laçının gələcəyi irəlidədir və işıqlıdır. Erməni işğalından azad olunmuş ərazilərdə dövlət başçımızın birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev məhz Müstəqillik Günündə Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin həmçinin Xosrov bəy Sultanov, Zəngəzur, Bir Dekabr küçələrində lövhələrin açılış mərasimində iştirak etdi, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət İşğal və Zəfər Muzeyinin təməlini qoydu.. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.Laçın şəhəri lap yaxın gələcəkdə dünya miqyasında tanınan bir məkan olacaq. Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını göstərir.
Laçın rayonunun erməni işğalından azad olunması və geniş bərpa-quruculuq tədbirləri tarixi ədalətin bərpası olmaqla yanaşı prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında gələcək günlərə xalqımızın xoş ümidləri deməkdir.
Cavid Həsənov,
YAP Cəlilabad rayon təşkilatında məsləhətçi