Anamın ata babası əslən Salyan rayonundandı. Adı Arastun Allahverdiyevdi. Kişi nə az, nə çox düz altmış il ibtidai sinif müəllimi işlədi. Ona görə hamı onu Arastun müəllim kimi tanıyırdı. Bununla işim yox. Nəyi deyirəm, adam 1941-ci ildə Salyandan Cəlilabada təyinatla müəllim göndərilib. Bir müddət kənddə müəllim işlədikdən sonra onu müharibəyə çağırıblar. Onda anamın atası Ağapaşa qucaqda çağa olub. Arastun müəllimin həyat yoldaşı Xanım isə öz əmisi qızı idi, uşaqlıqdan onları göbəkkəsdi ediblər.
Kişi Cəlilabaddan Salyana qayıdıb, ailə uşağı evdə qoyandan sonra cəbhəyə yollanıb. Hər ay ailəsi ondan xəbər gözləyib, amma ara-sıra məktub alırlarmış. Onu da deyim ki, Arastun müəllim İkinci Dünya Müharibəsinə üç qardaşıyla yollanıb. Dörd qardaşın ikisi döyüşdən qayıtsa da, digər iki qardaş itkin düşüb.
Günlərin bir günü Arastun müəllimin evə qara kağızı göndərilir. Valideynləri məktubu həyat yoldaşı Xanımdan gizlədirlər. Aradan bir müddət keçəndən sonra Xanım nənəm həyətdə paltar yuyanda görür ki, həyətə əlində əsa olan arıq bir kişi daxil oldu. Kişi yavaş-yavaş ona tərəf gəlir və yaxınlaşanda görür ki, gələn həyat yoldaşı Arastundu, arıqlayıb tanınmaz hala düşüb.
Babam ağır yaralandığını və xəstəxanaya yerləşdirildiyini bildirir. Valideynləri isə onun qara kağızını gətirib arvadı Xanıma göstərəndə o, məəttəl qalır. Ondan sonra babam yenidən ailəsi ilə Cəlilabada qayıdır və torpaq alıb ev tikir. Burda müəllim kimi fəaliyyətini davam etdirir. Daha iki oğlu və bir qızı dünyaya gəlir.
Arastun müəllim 2003-cü ilin aprel ayında dünyasını dəyişdi. Onda mən orta məktəbin 11-ci sinifində oxuyurdum. Ona görə də həmişə onunla söhbət edib məlumatlar alırdım və sanki onları bir gün yazacaqdım. Babam altmış il müəllim işlədi, güclü mütaliəsi var idi, nə məktəb, nə kənd kitabxanasında bir kitab tapmazdın ki, oxumamış olsun. Həm də tarzən kimi toylara gedirdi. Tarı da özü öyrənmişdi. Hələ gəncliyində göz həkimi kimi teznikum da bitirmişdi.
Babam öləndən sonra xanım nənəm dedi ki, gedin yanında mənə də yer ayırın və məni də orda dəfn edərsiniz. Elə də etdik. Bir neçə il sonra Xanım nənəm də vəfat etdi və sevdiyi insanın yanında dəfn edildi.
(Adalet.az)