Bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin müqəddəs ideyaları artıq neçə illərdir ki, uğurla həyata keçirilir. Bu illər ərzində iqtisadiyyatın inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, şəhər və kəndlərin abadlaşdırılması və müasirləşdirilməsi sahələrində elə nailiyyətlər qazanılmışdır ki, bunları əvvəlki illərdə müşahidə etməmişdik. İndi razılıqla qeyd etmək olar ki, Heydər Əliyevin qurduğu təməl üzərində yeni-yeni tədbirlər həyata keçirilir, müstəqilliyimizin qorunmasına çox mühüm önəm verilir.
Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin tərkib hissəsidir. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilmişdir.
Düşünürəm ki, azərbaycançılıq məfkurəsindən irəli gələn ideoloji hədəflər dəyişməz olaraq qalır. Dünya azərbaycanlılarının birliyi, ölkəmizin tarixi, müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mədəni irsimizin təbliği və digər ideoloji postulatlar bu gün də aktualdır. Biz dövlətimizin yürütdüyü siyasətin məqsədlərini, sülh, sabitlik, əmin-amanlıq və əməkdaşlığın zəruriliyini ifadə edən çağırışlarını dünyaya çatdırmaq kimi vacib missiyanı davam etdirməli, dövlətimizin rəhbərliyinə əsaslı kömək göstərməliyik. Əminəm ki, Ulu öndər Heydər Əliyevin tükənməz irsi, ötən illərin təcrübəsi bu missiyanı da uğurla yerinə yetirməyə əsas verir.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.
Etibar Sadıqov,
Cəlilabad rayon, Göytəpə şəhər
Peşə Təhsili Mərkəzinin direktoru