Cəlilabad rayon Təhsil şöbəsi bu gün Cəlilabad rayonunda buraxılış imtahanlarından qayıdan 9-cu sinif şagirdlərinin kütləvi şəkildə qəzaya düşməsi barədə müxtəlif sosial şəbəkələrdə yer alan məlumatlara münasibət bildirib.
Mecra.az-ın məlumatına görə, təhsil şöbəsinin açıqlamasında bildirilir ki, 26.04.2026-cı il tarixdə Cəlilabad rayonunun Zopun kəndində baş vermiş avtomobil qəzası zamanı Cəlilabad rayonu Astanlı kənd tam orta ümumtəhsil məktəbinin 8-cı sinif şagirdi Tahirov Həzrətəli Zaur oğlu atasında məxsus minik avtomobilində olub və qəza zamanı ayaq sümüyünün sınığı xəsarəti ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti normaldır və müalicəsi davam etdirilir.
Bir daha qeyd edirik ki, sosial şəbəkələrdə Cəlilabad rayonunda bu gün keçirilən 9-cu siniflərin buraxılış imtahanından geri qayıdarkən avtomobil qəzası zamanı 10 nəfər şagirdin xəsarət alması barədə paylaşılan məlumatlar tam olaraq yanlışdır və reallığı əks etdirmir.
Bu gün keçirilən imtahnların gedişi zamanı heç bir qayda pozuntusu qeydə alınmamış, imtahanlar normal şəkildə başa çatmış və bütün şagirdlərin qəzasız şəraitdə geri dönüşü təmin edilmişdi.
Sosial media istifadəçilərinə valideynlər və ictimaiyyət arasında ciddi narahatlıq yarada biləcək bu kimi məlumatları paylaşdıqları zaman son dərəcə məsuliyyətli olmalarını xahiş və tövsiyə edirik. Qəza zamanı xəsarət alanların hər birinə Allahdan şəfa diləyir və tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edirik!






























