Cəlilabad rayonunda iki avtomobilin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mecra.az-ın əldə etdiyi məlumata görə, rayonun Söyüdlü kənd sakini Rəhimzadə İlqar Mirverdi oğlunun idarə etdiyi VAZ-2107 markalı, 01 – BP – 977 dövlət qeydiyyat nişanlı avtomobillə, Muğan kənd sakini Zeynalov Vətən Mirzəxan oğlunun idarə etdiyi LADA-2199 markalı, 99-MX-233 dövlət qeydiyyat nişanlı avtomobil Muğan kəndi ərazisində toqquşub.
Qəza nəticədə VAZ-21099-un sürücüsü və 2 sərnişin xəsarət alıblar. Onlar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gələrək araşdırmaya başlayıblar. Qəzaya səbəb avtomobillərdən birinin digərinin yoluna çıxması olub.
Kənd sakinləri saytımıza bildiriblər ki, Muğan kənd inzibati dairəsində tez-tez bu cür qəzalar baş verir. Onların sözlərinə görə, yolda quraşdırılan yol nişanlarına əksər sürücülər riayət etmir, yaşayış məntəqəsində yüksək sürətlə hərəkət edirlər. Sakinlər azyaşlı övladlarının hər gün məktəbə bu yolla gedib-gəldiklərini və onların həyatı üçün narahat olduqlarını bildiriblər.
Raqil QULİYEV































