Ayağı Lələ təpədə, özü Xocasəndə dəfn edilən, ay Cabbarxan hey!
Birinci Qarabağ savaşından sonra susmuşduq, araya sükut çökmüşdü. Hər dəfə atəşkəsin qurbanı olan şəhid hərbçilərimizi qarşılayırdıq.
Amma 2010-cu ildə Milli Qəhrəman Mübariz İbrahimov bu sükutu pozdu. Atası Ağakərim kişiylə söhbət edəndə dedi ki, “Mübarizin şəhid olmasında Allahın iştirakı var idi. Mən Allahdan axirətini istəyən adamam. Mübarizin şəhid olmasını, Mübariz dünyaya gəlməmişdən öncə yuxuda görmüşdüm. İndi baxıram ki, həmin hadisələr və yuxulardı ki, onlar mənə bu günki günü xatırladır. İnsanın ürəyində birinci Allah sevgisi olmalıdı və sonra Vətən sevgisi gəlir. Allah sevgisi ürəyində olmayan adamın vətən sevgisi də ola bilməz. Mübariz üçün ağlamıram, onun yas mərasimində burdakı camaata dedim ki, ağlamayın. Çünki onu mənə Allah vermişdi, Allah da aldı”.
Bilirəm indi bu yazını oxuyub keçdiniz, amma bir də oxuyun və görün bu cümlələrdə nələr var.
Onda kəndimiz də şəhid verdi, Elgün Şükürov tərxis olunmağına 9 gün qalmış şəhid oldu. Elgünün anası Qızbəs ana deyirdi ki, “Mübarizin ata və anası yas mərasiminə gəlmişdi. Onda Şamama ana mənə dedi ki, “Şükür Allaha ki, övladının nəşin gətiriblər, dəfn elədin gözün yollardan yığıldı. Mənimlə necəsən, neçə vaxtı yolunu gözləyirəm, Mübarizin meyiti ermənilərin əlindədir”. Doğrudan da qəribə hisdi.
2016-cı il aprel döyüşlərindən sonra, aprelin 8-də dostlarla Tərtərin Borsunlu kəndinə Mübarizin xidmət etdiyi və indi adını daşıdığı posta yollandıq. Burda xalam oğlu Hacıağa xidmət edirdi. Döyüşlər zamanı ermənilər üç dəfə həmin posta hücum etsələr də, əsgərlərimiz düşməni posta yaxın buraxmayıb. Bunu xalam oğlu söhbət edirdi, çünki özü də döyüşmüşdü.
Bu gün isə 2016-cı il Şanlı aprel döyüşlərindən yeddi il ötür. Bu döyüşlərdən sonra şəhid ailələrinə baş çəkəndə necə cəngavər oğlanlarımızı şəhid verdiyimizi anladım. O şəhidlərimizi tanıdım, onlar haqda yazılar yazdım. Murad Mirzəyev, Raquf Orucov, Pəncəli Teymurov, Samid İmanov, Elimdar Səfərov və adlarını çəkmədiyim bir çox şəhidlərimizin ailəsiylə dost olduq.
Onda Yasamalda aprel döyüşlərində şəhid olan Cabbarxan Hacıağayevin ailəsində qonaq oldum. Cabbarxan idmançı idi, sonra hərbi xidmətə gedib və döyüşlər zamanı şəhid olub. Atası İlham dayıyla söhbət edəndə dedi ki, oğlumun ayağını Lələ təpədə dəfn ediblər: “Cabbarxanın tabutunu gətirəndə qəbirə qoyanda bildik ki, bir ayağı yoxdu. Sonradan bir ayağını Lələ təpədə tapdılar. O tək ayağı Lələ təpədə sancılan bayrağın aşağısında dəfn ediblər. İndi oğlumun iki məzarı var. O məzar Lələ təpə üzərində dalğalanan Azərbaycan bayrağına şahidlik və yoldaşlıq edir. Həmişə o məzarı da gedib ziyarət edirəm”.
Doğrudan da dəhşət deyilmi?! Cabbarxanı Xocasəndə dəfn ediblər. Amma ayağını Lələ təpədə. Vətən üçün ikiyə bölünmək bəlkə elə budur. Siz nə düşünürsünüz?