Azərbaycanda siyasi dialoqun formalaşdırılmasına, təkmilləşdirilməsinə göstərilən təşəbbüslər bilavasitə dövlətin və cəmiyyətin, demokratiyanın inkişafı, hüquqi mühitin qorunması, dayanıqlı olması, iqtisadi azadlığın bərqərar edilməsi, siyasi partiyaların ümummilli məsələlərdə bir araya gəlməsi baxımından çox əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə, istər beynəlxalq aləmdə, istərsə də respublika daxilində münasibətlərin normallaşdırılması, aydınlaşdırılması, yaxşılaşdırılması üçün əməkdaşlığın genişləndirilməsinə, dialoqların təşkilinə ehtiyac olduğunu gündəmə gətirmiş, problemlərin həllində danışıqların ən doğru yol olduğunu bildirmişdir.
Ölkəmizdə dayanıqlı dialoq ənənələrinin formalaşdırılması siyasətinin ilk mərhələsi hesab olunan ötən iki il “siyasi dialoq” məfhumunun aktuallaşdırılması mərhələsi idi. Ötən müddət siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi dövrü idi. Bu dövr siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi mərhələsi idi. Qərəzli mövqelərdən çıxış edən tərəflər üçün ötən müddət səhvləri etiraf etmək və siyasi fəaliyyətini yeni təmiz səhifədən başlamaq şansını bəxş edən dövr idi.
Ötən dövr siyasətdə sağlam münasibətlərin tərəfdarlarını müəyyən etmək və müxtəlif təxribatlarla ölkədə həmrəylik mühitinə zərbə vurmaq arzusunda olan “qüvvələrin” ifşa olunması, siyasi sistemin sağlamlaşdırılması, sistemli islahatlara hazırlıq, habelə siyasi sistemin güclü və zəif tərəflərinin müəyyən olunması dövrü idi. Ötən dövr həm də regionda formalaşan yeni reallığa adaptasiya dövrü oldu. Ötən dövrü eyni zamabnda“siyasi dialoq” məfhumunun demokratik siyasi mədəniyyətin ayrılmaz göstəricisinə çevrilməsi, siyasətdə xalqın və xarici qüvvələrin dostlarını bir-birindən ayırd etmək dövrü kimi xarakterizə etmək olar.
Son zamanlar iqtidarın şahidi olduğumuz dialoq təşəbbüsləri siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin bərqərar olunmasına xidmət edir. Bu mənada heç də təsadüfi deyil ki, Azərbaycanda milli və siyasi həmrəyliyin inkişafı ilə bağlı fərqli təşəbbüslərin artım dinamikası müşahidə olunur. Hökumətin təşəbbüsü ilə cərəyan edən proseslər bilavasitə demokratik ənənələrin formalaşmasının təzahürüdür. Siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müxalifət nümayəndələri ilə birgə müzakirə edilməsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir. Azərbaycan xalqı bunu birmənalı olaraq belə dəyərləndirir.
Malik Əliyev,
Cəlilabad RMX PHŞ Xanəgah kənd ASM-nin şöbə müdiri