“Bu gün hər iki oğlumun doğum gündür…”- Xocalı faciəsindən bir gün sonra dünyaya gələn şəhidin atası

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının 44 günlük Vətən müharibəsində şəhid olan giziri Əmirli Tofiq Şəmsəddin oğlunun 31 yaşı tamam olur. 

Adalet.az-ın əməkdaşı Cəlilabadın Göytəpə qəsəbəsində şəhid gizirimizin evində qonaq olub. Tofiqin doğum günü münasibəti ilə şəhid ailələri, yaxınları ata evinə yığışıblar, şəhidimizin qəbri ziyarət edilib, ruhuna dualar oxunub. Şəhid Tofiqin atası Şəmsəddin Əmirli əməkdaşımızla söhbəti zamanı Tofiqin Xocalı faciəsində bir gün sonra dünyaya gəldiyini deyib:

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalı faciəsini törətdi. Əli silahsız insanlarımızı qanına-qəltan etdilər. Fevralın 26-dan 27-nə keçən gecə isə Tofiq anadan oldu. Böyük oğlum Nicat da fevralın 27-də anadan olub. Çox qəribə tarixdi. Bu gün Tofiqin 31 yaşı tamam olur. Artıq üçüncü doğum günüdür ki, biz bunu Tofiqsiz qeyd edirik. Ad günlərini isə Tofiq heç vaxt təmtəraqlı keçirməzdi. Çox vaxt doğum günlərində işdə olub. Çox sağ olsun şəhidsevər insanlar bizi tək qoymurlar. Tofiqin adına Göytəpə qəsəbəsində küçə verildi. Biz onun adının məktəblərdən birinə verilməsinin də arzusundayıq”-deyə şəhid atası bildirib.

Qeyd edək ki, Tofiq Əmirli 1992-ci il fevralın 27-də Cəlilabad rayonunun Fətullaqışlaq kəndində anadan olub. Tofiq Vətən müharibəsi zamanı oktyabrın 13-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalı və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Şəhidimizin anası da bu dərdə dözməyərək Tofiqin yeddi mərasimindən sonra dünyasını dəyişib. 

 

Vasif Əlihüseyn

PAGE TOP