Adalet.az Vasif Əlihüseynin Xocalı qurbanlarına həsr etdiyi şeirləri təqdim edir:
XOCALIDA PİŞİK DOĞDU QADINLAR
Xocalıda pişik doğdu
hamilə qadınlar
Heç o ağrını hiss etmədilər
qızıl dişini kəlbətinlə
düşmən ağzından çıxaranda
Düşmən palçıqlı batinkasını
ağzına sürtdüyü qadına qışqırdı:
-torpaq istəyirdiniz?
Budur torpaq, ye indi.
Fevralın qarında
soyuq vanna qəbul edirdi
əsir qadınlar
ardıyca da zəncir vururdular
soyuq bədənlərinə
mən heç vaxt
gəlinlik geymədim-deyən o, qız
hələ də göz yaşı tökür
unuda bilmir ilk gecəsini
düşmən zindanında
Hər dəfə bir vağzalı səsiylə
başına uçur bütün düynası ata evində
XOCALIDA
İlahi, bu dil bilməyən,
körpəni öldürmək nəydi.
günahsız olan uşağın,
mələk olduğu deyilir,
adam ürəyini yeyir.
kimin əli qalxıb ona,
qisası Allaha qalsın.
bu körpəni kim öldürüb,
günahın boynuna alsın.
nalə çəkən bir anadır,
ağı deyən min-min dildi.
qisas-qisas deyə-deyə.
artıq 31 ildi…
bətni yarılmış ananın,
halına necə ad verim?
səndən o yanası yoxdu,
İlahi,
sənə kimi and verim?!