1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Ulu Öndər Heydər Əliyev demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Bu sözləri ilə Ulu Öndər bizim bir xalq kimi, hiss etdiklərimizi və ürəkdən hayqırdıqlarımızı dilə gətirmişdir.
Xocalı, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir bir cinayətdir. Öz xalqını zaman-zaman “dənizdən-dənizə Ermənistan” xülyası ilə qanlı cinayətlərə aparmış erməni millətçilər xarici dairələrin əlində alətə çevrilərək həmişə avantüralar girdabına yuvarlanmışlar. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə malik Xocalı şəhəri, sözün əsl mənasında işğalın nəticəsində xarabalığa çevrilib. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla məhv edilib, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
İşğal illəri ərzində dövlətimiz tərəfindən Xocalı faciəsi haqqında dünya ictimaiyyətinə doğru məlumatlar çatdırılır, bir çox tədbirlər keçirilir və kampaniyalar aparılırdı. Prezident İlham Əliyev deyirdi: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi. Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər”.
Və cinayətkarlar öz əməllərinə görə cavab verdilər. O qanlı günlərdə yurd-yuvalarından didərgin düşmüş insanların övladları Vətən uğrunda döyüşlərdə iştirak edərək Xocalı qurbanlarının qisasını aldılar. Azərbaycan xalqı bir daha göstərdi ki, heç bir cinayət cəzasız qalmamalıdır. Bu gün biz Zəfər tariximizi yaşayırıq, lakin Xocalı faciəsini unutmarıq.
Natiq Kazımov,
Cəlilabad rayon Əliqasımlı kənd
tam orta məktəbin direktoru