Məcra.az şair Usta Veysəlin şeirlərini təqdim edir:
Bal arısı
İynəsi korşalıb bal arısının,
daha çiçəklərdən bal ala bilmir.
Nə yanır halına ana arılar,
nə də ki, dərdini balalar bilmir…
Və beləcə, “əliboş” qayıdan arını ana arı yuvaya buraxmır.
Şana-şana pətəyin,
pətək dolusu balın,
baldan şirin balan var…
Allahın olsun, ana arı,
nəyin çatışmır axı,
nədən ehtiyacın var?
Yetər…
Dızıldamağı burax.
Zəhərini buraxma.
İynəni yaxana tax,
otur arvadlıq elə.
Dur evə-eşiyə bax –
yığışdır, pətəyə bax;
aç- bələ,
bələyə bax;
çölə çıx,
eşiyə bax ərin qayıdar işdən –
arın qayıdar işdən…
İynəsi korşalıb bal arısının,
daha çiçəklərdən bal ala bilmir.
Nə yanır halına ana arılar,
nə də ki, dərdini balalar bilmir.
May, 2011
Tənhalıq düşüncələri
Qapım döyülür nədi?…
Yəqin ağacdələndi, –
kiməsə zəng eləyir
telefon dirəyindən.
Saat sıfır üç otuz.
Kimdi bu vaxtı gələn.
Saniyə yeddi,
səkkiz,
doqquz…
Nə çətinmiş yaşamaq…
Gecələri oturub,
saniyələri saymaq…
dəhşətdi.
İyun, 2002
Ölümümdən sonra
Ölməyim mənə düşmədi –
meyitimdən bezdim, anam.
Öldüm,
heç nə dəyişmədi;
öldüm,
heç yada düşmədim…
Bilsəydim ölməzdim, anam.
Mart, 1996
Ürəyinə salma məni –
dərd eləmə.
Çəkiləsi dərd deyiləm.
Ürəyimə dəymə mənim –
yurd eləmə.
Köçüləsi yurd deyiləm.
Ümid evi deyiləm,
məndən yolunu salma.
Mən artıq keçilmişəm,
yolçu, yolundan olma.
Yanvar, 1999
Səndən sonra
Ağ-qara gözlərinin
rəngli fotoşəkili
asılacaq yaxalığımdan.
… Bir də,
ürəyimin ən gözəl,
ən görkəmli yerində
daş lövhə asılacaq.
Və orada yazılacaq:
“ Filankəs filan ildə, burada yaşamışdır. “
Avqust, 2008