Kartof yetişdirilməsi çox sadə fəqət saxlanması çətin bir məhsuldur. Kartofun uzun müddət saxlanılması üçün onun tərkibinə kimyəvi maddələr vurulur.
Maraqlıdır, görəsən, kartof alarkən nələrə diqqət etməliyik?
Məsələ ilə bağlı qida üzrə baş mütəxəssis Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, bəzi marketlərdə heyvanların yeməsi üçün nəzərdə tutulan texniki kartoflar satılır.
Onun sözlərinə görə, texniki kartof heyvanlar üçün nəzərdə tutulmuş insanların yemədiyi kartofdur:
“Texniki kartofu marketlərdə satmaq olmaz. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı marketlərdə, bazarlarda reyd keçirməlidir. Təəssüflər olsun ki, reyd məsələləri AQTA üçün gündəmdə deyil. Ən məşhur marketlərdən tutmuş ən balaca məhəlləarası marketlərə qədər yoxlamalar aparılmalı və hər bir şeyə ədalətli şəkildə yanaşmalıdır. Amma marketlərdə bir dəfə də olsun AQTA-nın əməkdaşlarına rast gəlməmişəm”.
Ağa Salamov fikirlərinə davam edərək bildirib ki, alıcılar səriştəsiz olduqları üçün texniki kartofu normal kartofdan seçə bilmirlər:
“Nəticədə bu cür kartofları alıb istehlak edirlər. Texniki kartofu normal kartofdan seçmək üçün bəzi ip ucları var. Belə ki, texniki kartof normal kartofdan daha böyük, iri ölçülü və deformasiyaya uğramış kartofdur. Texniki kartofun rəngi yaşıla çalır. Üst hissəsi normal kartofa nisbətən daha çox kələ-kötür olur. Bunları qızardarkən daha çox yağdan istifadə olunur ki, bu da israfçılığa gətirib çıxarır. Normal kartofun tərkibində nitrat səviyyəsi 250 mq olmalıdır. Təbii ki, istehlakçılar bunu yerində yoxlaya bilməz. Çünki nitrat ölçən cihaz hər ailənin büdcəsinə uyğun deyil. Ancaq satış məntəqələrindən toksikoloji rəy tələb etmək hüquqları var”.