Ötən ay Beyləqanda bir ailənin dörd üzvünü güllələyən Fuad Cəlilzadənin atası intihar edib.
“Qafqazinfo” xəbər verir ki, 58 yaşlı Loğman Cəlilov oğlunun cinayətinə dözməyərək elə həmin hadisədən bir neçə gün sonra özünü asıb. O, oğlunun cinayətinə görə, məktub yazaraq özünü həyətdəki tövlədə asıb.
Məsələ ilə bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, qətl hadisəsi dekabrın 2-də Beyləqanın Tatalılar kəndində baş vermişdi. 27 yaşlı F.Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyev, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələmişdi.
Məlumata görə, Fuad Cəlilzadənin atası 2009-cu ildə münaqişə zəminində Nadir Quliyevə yaba ilə ağır xəsarət yetiribmiş. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası veribmiş. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi dava-dalaşlar olurmuş.
Qeyd edək ki, qətlə yetirilən ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.
Xəbəri ilk olaraq APA yayıb.