Məcra.az Vasif Əlihüseynin qısa şeirlərini təqdim edir:
ömrü boyu görüşdüyüm
qadınların adlarını
sonunda bir qadına sayıb, utandım.
barmaqlarım bitəndən sonra üç nöqtə qoyub
keçdim üstündən
***
yaşımın bəlkə də keçən illəridi
məni bərkidən
daha darıxmıram…
amma hamamda çiməndə adını
bir dəfə deyib, dəstəmaz alıram
***
Daha heç kim
və heç nəyim yoxdu
bircə yeni doğulacaq
oğluma ad axtarmaqdan başqa
**
sənin üçün çox uzaqlarda
bir kəndin, bir qayanın başında
bir qadının göz yaşında
darıxmaq istəyirəm.
***
heç olmasa bir dəfə də olsun
qarşıma çıx
yoxsa, mən
belə bərkiyib gedirəm
***
uşaq yolunu gözləyən qadın kimiyəm
kaş bir dəfə görə bilsəm
o uşaq barmaqlarını
***
metro keçidindən keçən uşaq kimi
əyilib ömrün altından keçirəm
qocalmamaq üçün
***
Küçənizin tininə belə yaz
filanıncı illərdə
gənc şair Vasif bu küçədə eşq yaşayıb
şəklimin altına bir gül dəstəsi qoy
sonra hara gedirsən get,
heç olmasa adım yaşasın
heç olmasa küçənizin sevgisi ölməsin
***
Heç kimi unutmamışam,
yaddaşımın küncündə
o qədər qadın var ki,
hərəsi bir günahıma görə
uşaq doğur başqasından.
***
Nə desən haqlısan
oturub min kilometr
məndən uzaq olan birini
düşünməyimin
bədənimin hansı orqanına
xeyri var, bilmirəm.
***
Heçmi istəmədin
arxadan mənə sarılıb
güzgüdə əksini görməyimi.