Vətənin taleyi hər bir vətəndaşın taleyidir. Bu tale bizə elə zəmanədə, elə geosiyasi bir məkanda yaşamağı qismət edib ki, tarixi-mənəvi ucalığımızın mühafizəsi indiki kimi aktual olmayıb. Bizim gücümüz, qüdrətimiz milli birliyimizdədir və bu amilin alternativi yoxdur. Qədim, yeni, və ən yeni tariximizin olayları, Atropatdan, Cavanşirdən, Şah İsmayıldan Heydər Əliyevədək keçilmiş yol bunun sübutudur. Dünya azərbaycanlılarının bir etnik-siyasi toplum kimi tanınmasının ilkin şərti isə azərbaycançılıq ideologiyasıdır.
Son onilliklərdə birlik və həmrəylik problemlərinin dövlət siyasəti səviyyəsinə qaldırılması milli özünüdərk prosesinin formalaşdırılmasında möhkəm dayaq rolunu oynayıb. II Qarabağ müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.
Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində deyib: “Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”.
Harada yaşamasından asılı olmayaraq, birlik-qələbə ideologiyaya xidmət etmək hər birimizin, hər bir soydaşımızın və həmvətənimizin şərəf işi, müqəddəs missiyasıdır. Vətən öz övladlarının nəfəsi və qanı ilə yaşayır.
İlkin Qubadov,
Qızıl Aypara Cəmiyyətinin
Cəlilabad Rayon Bölməsinin sədri