Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.
Cari ilin 21 dekabr tarixində Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşündən sonra mətbuata verdiyi bəyanada göstərilir ki, iki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Dövlət başçısı qeyd edib ki, ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsi arzu olunur. Hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verilib.
Nəqliyyat-logistika sahəsində böyük potensial var. Nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır.
Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır.
Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir. Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. İkitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur.
İnanırəq ki, ikitərəfli əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaqdır.
Rüstəm Rüstəmov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Seyidbazar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi