Lent.az “Gizlədilən xəzinələr” adlı yeni bir layihə ilə qarşınıza çıxır. Bu dəfə dünyaya yetərincə təqdim edə bilmədiyimiz sənətkarlarımızdan bəhs edəcəyik.
O deyərdi ki, gördüklərini yox, görmək istədiklərini çəkir. Xalqın adamıydı, ən məşhur zamanlarında belə sadəliyini itirməyən, bir sadə kəndli babanın süfrəsində oturmağı vəzifəli məmura yarınmaqdan, yaltaqlanmaqdan üstün tutan Xalq rəssamı Səttar Bəhlulzadədən gedir söhbət.
Elə çox öyünmədiyi, özünü gözə soxmadığı üçün dünya incəsənətinin şedevrləri sayılacaq əsərlər yaratmış bu adamı dünya tanımadı. Mənzərə janrının ustadı olan Səttar dünyada bir Pikasso, bir Mone, bir Dali şöhrəti qazanmadı. Səbəbi də elə sapı özümüzdən olan baltaların ona vurduğu zərbələr, qazdığı quyular idi.
Azərbaycanda Səttarı hətta ən kasıb, ən sadə, ən dərvişanə halı ilə qəbul etməyib, ondan qorxanlar var idi. Parlamağından, kölgəsində qalmaqdan qorxduqları üçün.
“Sənətkar haqqında danışılarkən nədənsə ona hökmən istər özündən əvvəl yaşamış, istərsə də müasiri olduğu böyük sənətkarların təsirini qeyd edirlər. Mənim barəmdə buna oxşar fikir söylənsə, razılaşa bilmərəm. Sənətkar adlanan kəsin hər şeydən əvvəl öz yönü və öz dəsti-xətti olmalıdır”. Bu sözləri dahi rəssam öz sağlığında qeyd etmişdi.
Hazırda Səttar Bəhlulzadənin dövlət statuslu muzeylərdə yüz əlliyə yaxın rəngkarlıq, otuza qədər qrafik işi var. Ümumilikdə 600-a qədər müxtəlif ölçülü tablo, 200-ə qədər qrafika nümunəsi mövcuddur. Bir çox əsərlərini bağışladığına görə, əllərdəki əsərlərinin sayı bəlli deyil.
1973-cü ildə Moskvada açılmış fərdi sərgisinə tamaşa edən əcnəbi sənətşünas Çarlz Xarlinin söhbətindən bir məqamı xatırlatmaq istəyərdim: “Görəsən bu rəssamın neçə yaşı var? Yəqin cavandır. Bunları çəkmək üçün çox gəzmək, hərəkətdə olmaq, dağa-daşa çıxmaq lazımdır, bu yaşlı adamın işi deyil”.
Amma o əsərlər çəkiləndə Səttar Bəhlulzadənin 64 yaşı vardı.
Ecazkar rənglərində “əriyib“ əbədiyyətə qovuşan rəssama sağlığında “Sənətin Məcnunu“ adı verilmişdi. Səttar bənzərsiz və təkrarsız idi, o dünyanı müasirlərindən, rəssam həmkarlarından da çox fərqli duyur, görür və kətanda gerçəkləşdirirdi. Səttar bu dünyaya nağılvari-ideal bədii gözəllik yaratmaq üçün gəlmişdi.
Moskvalı sənətşünas Qriqori Anisimov Səttarın bu dünyaya sığışmadığını deyirdi.
Altmışıncı illərin əvvəllərində Moskvada təşkil olunan Ümumittifaq sərgisində Qazaxıstan Mədəniyyət Nazirliyinin əməkdaşları rəssamın orada nümayiş etdirilən “Xəzər gözəli” (1960) adlı əsərini görüb müəllifin ardınca Bakıya gəliblərmiş. Onlar rəssamla görüşdükdən sonra həmin əsəri Qazaxıstan Dövlət Rəsm Qalereyası üçün almaq istədiklərini bildiriblər. O, isə artıq əsərin Azərbaycan Dövlət İncəsənət Muzeyi üçün 600 rubla alındığını söyləyib. Qazaxıstanlılar isə əsərin geri alınmasının mümkünlüyünü dilə gətirməklə ona 25 min rubl (o vaxt üçün bu çox böyük məbləğ idi) verməyə hazır olduqlarını bildiriblər. Səttar sözünü geri götürməyi kişilik hesab etməmişdi.
Qonaqlar bu əsəri rəssamdan təkrar etməyi xahiş ediblər. Rəssamsa “Təkrarçılıqla məşğul olmuram“ cavabını verib.
Onun ən yüksək qiymətə alınan əsəri “Mənim anam“ (4 min rubl) tablosuydu. Onun əsərlərinə sözün hərfi mənasında yüksək qiymət vermək istəmirdilər, Səttarı bununla sındırmağa çalışırdılar. Səbəb onun sistemə boyun əymək istəməməsi, yaltaqlanmamasıydı. Deyilənə görə, bir dəfə bir ziyafətdə hər kəsin Rəssamlar İttifaqının sədrinə yaltaqlandığını görüb, ayağa qalxır və “tüpürüm üzünüzə” deyir. Sədr çaşır və “Səttar, mən də burdayam” deyir. O isə özünü sındırmadan, “onda sənin üzünə personalnı tüpürdüm” deyir. Belə bir adamı qabağa çəkərdilərmi? Nə kimsəsi vardı, nə pulu.
Ona yalnız ölümündən sonra dəyər verildi. (bu mənada Pikasso ilə müqayisə oluna bilər)
Səttarın əsərləri zəngin koloriti, kompozisiya həllinin müxtəlifliyi, bədii şərhin reallıqdan geniş ümumiləşdirməyə axması ilə seçilir.
2009-cu ildə YUNESKO-nun qərarı ilə Səttar Bəhlulzadənin 100 illik yubileyi bütün dünyada qeyd olundu. Təəssüf ki, bir Azərbaycan brendi olası sənətkarın dünyada tanıtımı elə kampaniya xarakteri daşıdı, ardı gəlmədi. Dostlarından birinin dediyi kimi, Səttar bu günahlı dünyanın günahsız uşağıydı. O gözəlliklər yaratdı və getdi. Bəs geridə qalanlar bu sənət incilərini dünyaya tanıtmaq üçün hansı səyləri göstərdilər?
Dünyanın 10 ən gözəl və ən bahalı rəsmləri sırasında yer almış əsərlərlə müqayisə edəndə Səttar yaradıcılığı heç də geri qalmır.
O nə Vincent Van Qoqun “Ulduzlu gecə”sindən, ( Van Qoq ruhi xəstəxanada pəncərədən çölə baxanda dəmir barmaqların arxasında günəşin doğduğunu və buğda sahəsini gördüyünü demişdi), nə Edvard Munchun “Qışqırıq” əsərindən geri qalmayan şedevrlər yaratmışdı.
Sözügedən rəssamlardan fərqli olaraq o nə ruhi xəstə idi, nə də yaradıcılığı ilə insanı depressiyaya salırdı. Bəhlulzadə dünyanı, həyatı, yaşadığı torpağı sevdirməyi bacarırdı.
Əlimizdə Azərbaycan brendi olacaq, adı çəkiləndə Azərbaycanı xatırladacaq bir xəzinə var. Qalır onun layiqli təqdimatı.