Azərbaycan gəncliyinin Vətənə bağlılıq ruhunda yetişdirilməsi dövlətçilik tariximizin ən mühüm istiqamətlərindən biridir. Bu istiqamətin ideoloji əsaslarını Ulu Öndər Heydər Əliyev formalaşdıraraq gəncliyin milli-mənəvi dəyərlərə, azərbaycançılıq ideologiyasına sədaqətini daim ön planda saxlamışdır. Onun “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” fikri gənclər üçün bir çağırış, bir həyat devizi olmuşdur. Bu çağırışın mahiyyəti ondan ibarətdir ki, hər bir gənc müstəqil Azərbaycanın qorunması və inkişafı üçün öz üzərinə düşən məsuliyyəti dərk etməlidir.
Bu gün Azərbaycan gəncliyi milli mentalitet əsasında formalaşan, geniş dünyagörüşünə malik, müasir çağırışlara cavab verən güc kimi çıxış edir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi dövlət gənclər siyasətinin əsas məqsədlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində gənclər cəmiyyətin bütün sahələrində fəallıq göstərir, dövlətçilik maraqlarının qorunmasında təşəbbüskar mövqe tuturlar.
2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycan gəncliyinin mənəvi gücünü və Vətənə sədaqətini bütün dünyaya nümayiş etdirdi. Minlərlə gəncin könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə qurumlara müraciəti sadəcə müraciət deyildi — bu, Vətənə hesabat, dövlətə sədaqətin açıq ifadəsi idi. Qismən səfərbərlik şəraitində hər kəsin döyüşə cəlb olunmaması gənclərin ruhunu sındırmadı, əksinə, ordunun döyüş əzmini daha da möhkəmləndirdi.
Azərbaycan əsgəri arxasında xalqın, xüsusilə gəncliyin güclü mənəvi dəstəyini hiss edirdi. Vətən müharibəsindən öncə də Azərbaycan gəncliyi hərbi xidmətə torpaqlarımızın azad ediləcəyi günün inamı ilə yollanırdı. Səngərdə xidmət edən əsgərlər, tərxis olunmuş çağırışçılar döyüş başlayacağı təqdirdə yenidən ön cəbhədə olmağa hazır idilər. Bu, sadəcə hərbi hazırlıq deyil, düşüncədə, ruhda, inamda formalaşmış qələbə əzmi idi. Gəncliyin gözləntisi xalqın gözləntisi ilə üst-üstə düşürdü. Birinci Qarabağ müharibəsi iştirakçılarının övladları və nəvələri şəhidlərin müqəddəs ruhuna borcu yerinə yetirmək niyyəti ilə döyüş meydanına atıldılar. Əks-hücum əməliyyatı kimi başlayan mübarizə Vətən müharibəsinə çevrildi və sonda tarixi Zəfərlə nəticələndi. Azərbaycan Ordusu, onun əsas dayağı olan gənclik Ali Baş Komandanın əmrlərini qətiyyətlə yerinə yetirərək işğala son qoydu. Bu Zəfər yalnız ərazi bütövlüyümüzün bərpası deyil, regionda təhlükəsizliyin təmin olunmasına töhfə verən mühüm tarixi hadisə oldu.
Gənclər Günü münasibətilə bir daha demək olar ki, Azərbaycan gəncliyi bu dövlətin bu günü və sabahıdır. Onların iradəsi, vətənpərvərliyi və fədakarlığı müstəqil Azərbaycanın ən böyük güvənc yeridir.




























