Azərbaycan, Türkiyə və Türkmənistanın dövlət başçılarının Birinci Zirvə Görüşü bir daha göstərdi ki, Türk dövlətlərin işbirliyi səmimidir. Türkiyə aparıcı dövlətdir. Türkmənistan bölgədə əməkdaşlıq perspektivlərinin açılmasına çox maraqla baxır və bu perspektivlərin gerçəkləşməsi üçün əlindən gələni etməyə hazırdır. Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır, öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. Prezident İlham Əliyevin Zirvə Görüşündıki çıxışında gətirilmiş faktlar bu baxımdan çox maraqlı və cəlbedicidir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Bu zavodda istənilən növ gəmilər inşa edilə bilər.
Nəqliyyat baxımından Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Prezident İlham Əliyev üç dövlət başçısının Birinci Zirvə Görüşündə vurğulayıb ki, Zəngəzur dəhlizi həm türk dünyasını, həm Avropanı, həm qonşu ölkələri birləşdirə biləcək bir layihədir və bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir. Dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.
Beləliklə, Azərbaycan, Türkiyə və Türkmənistan bölgədə sülh və sabitlik üçün birgə addımlayır, region ölkələrini əməkdaşlıq mühitində birləşdirən layihələr reallaşdırılır. Ümid edirik ki, Zirvə görüşləri bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə, beynəlxalq miqyasda mövqeyimizin daha da möhkəmlənməsinə böyük töhfə verəcək.
Mehdi Kərimov,
Cəlilabad şəhər bələdiyyəsinin sədri