“Hər gün on tonlarla ərzaq məhsullarının yararlıq müddəti bitir. O cümlədən bunun böyük bir hissəsi süd məhsullarıdır və yararlıq vaxtı keçmiş malların qanunla satışı qadağandır. Ona görə biznes qurumları, super marketlər bu malları adətən yığaraq distributerə verirlər və o da malı istehsalçıya verir. İstehsalçı isə onu tullamır, bunu illərdir ki, müşahidə edirik”
Bunu Məcra.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Qurum sədri illərdir vaxtı keçmiş məhsulların bu şəkildə satışa çıxarıldığını bildirib:
“Sanki Lomonosovun maddənin itirilməsi qanununu xatırlayırıq. Heç nə itmir, heç nə dəyişmir, bir şəkildən digər şəklə çevrilir. Yəni onun etiketini dəyişirlər, təzədən istehsala çevirirlər və bir sözlə, həmin malı istehlakçının boğazına tıxamaq üçün işlər görürlər. Sual olunur ki, hər gün vaxtı keçmiş on tonlarla mallar necə olur?
Bəzi müəssisələr irəli gedərək özləri təşəbbüs qaldırırlar, özlərinə, istehlakçı hüquqlarına hörmət edən müəssisələr bu addımı atır və mallarını qanuna uyğun olaraq məhvetmə işini həyata keçirirlər. Məsələn, üç ay bundan öncə bir ay müddətində Azad İstehlakçılar Birliyinin nümayəndələri ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı və müəssisənin öz təşəbbüsü ilə iki ayda yüz tondan çox süd məhsullarının məhv edilməsi prosedurasında iştirak etdik. Həmin mallar Sumqayıt poliqonunda məhv edildi. İlk olaraq öz vaxtı keçmiş mallarını könüllü şəkildə məhvetməyə hazır olan “Azərsun” şirkəti addım atdı, ardıyca “Milla” şirkəti də bu təşəbbüsə qoşuldu. Amma təəssüflər olsun ki, onlarla süd məhsulları istehsal edən şirkətlər bu addımları atmır və əvvəldə qeyd etdiyim kimi mallarını ölməzə çevirirlər. Bu məsələ kökündən həll olunmalıdır, hər gün vaxtı keçmiş və digər mallar mütəşəkkil şəkildə yığışdırılmalıdır və birbaşa poliqona getməlidir. Əlbəttə, vaxtı keçmiş malları başqa mallara çevirmək də olar.
Bunun üçün ayrıca bir MMC, müəssisə yaradılmalıdır ki, bu işlə məşğul olsunlar. Lakin hazırda reallıq budur ki, bu malların əksəriyyəti bəzi firmalar istisna olmaqla, istehlakçıların boğazına tıxanır və bizim həyatımızda öz mənfi izlərini qoyur. AQTA məhv etdiyi bu vaxtı keçmiş mallar dəryada kiçik bir damladır. Çox yaxşıdır ki, şirkət özü bununla bağlı təşəbbüs qaldırıb və düşünürəm ki, bu, şirkətlər arasında birdəfəlik işə çevrilməlidir və hamı bu cür hərəkət etməlidir. İstehsalçılar bilməlidirlər ki, vaxtı keçmiş malın satışına görə əgər istehlakçılar 1003 qaynat xəttinə zəng vurarlarsa, onları 1500 manat cərimə gözləyir. Ona görə hamı ayıq olmalıdır ki, bu cür mallar insanlara satılmasın”.
Vasif Əlihüseyn