Məcra.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.
İbtidai insan daima hücum vəziyyətində idi. Yəqin ki, insanı dil açmağa da bu aqressiv təbiəti vadar etdi və ilk insan dil açan kimi ilk sözü özünün gündəlik psixoloji gərginliyini ifadə edən söyüş oldu. Yerdə qalan bütün sözlər ilk söyüşdən törədilər. İlk söz zəkanı yox, emosiyanı ifadə etməliydi.
Söyüşün tarixini araşdıran professor Benjamin Bergen söyüşü insanın emosional təkamülünün başlanğıcı kimi götürür. Beynimizin ortasında bir söyüş mərkəzi yerləşir ki, biz bu gün çəkiclə əlimizi əzdikdə də dərhal həmin beyin nöqtəsi ağrıya, yəni hücuma söyüşlə reaksiya verir. Əlimizi əzən çəkicin atabatasını, yəni ta ilk daş baltasından üzü bu yanasını söyüb sovururuq.
Yəni beynimizin söyüş mərkəzinin işə düşməsi üçün konflikt lazımdır, bu konflikt tərəfi içib səyləyən bacanağımız da ola bilər, mürəbbəmizə sırtıqca şərik olan eşşəkarısı da. Biz bu gün də aqressiyamızı ifadə etmək üçün əcdada, ibtidai insana çevrilirik.
İctimai təhqirin kökü dini şüurdan gəlir. Hələ qədim şumer, yunan allahları rəqiblərini öldürdükdən sonra onların meyitlərini müxtəlif şəkillərdə təhqir edirdilər. Rəqibi ictimai formada təhqir edib həzz almaq psixopatlığı sonralar allahlardan insanlara da keçdi və sosial sinifləşmənin əsasını qoydu. Hinduizm inancı paryaları (əhalinin ən yoxsul təbəqəsi) Şivanın palçıqlı ayaqlarından yarandıqları üçün əbədi təhqir olunmuş insanlar adlandırıb onların başqalarına toxunmalarını qadağan etdi və s.
Ən sonuncu ibrani dinləri də həm müqəddəs kitablarında, həm də icma yığıncaqlarında onlara tapınmayanlara küfrlər yağdırdılar. İslamı ələ salan yəhudilər və xristanlar ağızlarının payını Quran ayələrində aldılar. Kant XVIII əsrdə allahın, ruhun varlığını insan ağlı ilə sübut etməyin mümkünsüz olduğunu, bununla da allahın var olduğunu təbliğ edən dinlərin, din xadimlərinin “ağlını” şübhə altına aldığına görə alman keşişləri bunun qisasını almaq üşün itlərinin adını “Kant” qoydular.
Hər bir müharibənin öldürücü ixtiraları sonradan sülh dövründə sosial komfortun vazkeçilməz vasitələrinə çevrildiyi kimi, ilahi müharibələrin öldürücü metodu olan ictimai təhqir də bu gün modernizə olunaraq sıravi insanların ünsiyyət komfortunun bir hissəsinə çevrilib. Söyüşün ünsiyyət komfortunu yaxşılaşdırdığını görən ingilislər 1972-ci ildə “fuck” sözünü Oksford lüğətinə daxil etdilər. “Fuck” kəlməsi əxlaqi deyil, linqvistik dəyər qazandı. Bu gün hardagəldi ən çox söyüş söyən cəmiyyətlər dünyanın ən mədəni cəmiyyətləridir.
Çünki orada söyüş əxlaqi məzmununu itirib. Söyüş əxlaqa hücum aktı kimi dəyərləndirilimir. Kimsə kiminsə paçasına anasının, bacısının potensial təcavüzkarı kimi baxmır. Kişi cinsi orqanının Azərbaycanın sarı mətbuatında “şir”, “pələng” kimi yırtıcı heyvan adları ilə verilməsi də bizim xalqın bu orqanı beynində “əxlaq yırtıcısı” kimi təsəvvür etməyindən irəli gəlir. Nəyin adına “şir” desən, parçalayacaq, ən azı, parçalamağa cəhd edəcək. Harada ki, söyüşə hələ də “əxlaq yırtıcısı” kimi baxırlar, orada mədəniyyətin düşmənləri yaşayır.
Söyüş o zaman sosial təsir gücünü itirəcək ki, əxlaqi devalvasiyaya uğrayacaq və ingilislərin “fuck” söyüşü kimi izahlı lüğətlərə daxil ediləcək. Bax o zaman vaxtilə söyüşün biri bir qəpik olan ingilis parlamentində olduğu kimi, bir gün bizdə də hamı söyüşü ilə deyil, nəzakəti ilə fərqlənməyə çalışacaq. Məsələn, bu gün Türkiyədə televiziyada, kitabda, küçədə kişili-qadınlı hamı bir-birinin “amına qoyur” heç kim də incimir. Niyə? Çünki bu söyüşün artıq heç bir əxlaq dəyəri qalmayıb. Biz hələ əxlaqımızı söyülən yerimizlə təyin edirik. Götümüzün uğrunda başımızdan keçirik. Niyə? Çünki başımızın heç bir əxlaqi dəyəri yoxdu.
Təsadüfi deyil ki, biz azərbaycanlılar rahatlıqla bir-birimizin dədəsinin kəlləsini söyürük. Hətta dostlar arasında dədə kəlləsini söymək yayğın zarafatlardan biridir. Söyülən dədə kəlləsinə görə heç kim bıçağa, baltaya əl atmır. “Dədəmin kəlləsini söydü deyə yortdum” deyən bir cinayətkara rast gəldinizmi Azərbaycanda? Çünki milli düşüncəmiz budur ki, əxlaq kəllədə yerləşmir. Əxlaqın yerləşdiyi nahiyələr haradasa göbəyimizin həndəvərindədir. Hətta başın etdiyi əxlaqsızlıqları müstəsna hünər kimi də dəyərləndiririk. Rüşvət almaq, qanunu pozmaq, qıraqda arvad saxlamaq və s. bunlar başın etdiyi əxlaqsızlıqdır. Bunu edənlər isə bütün məclislərimizin başında oturur.
Qaynarinfo.az