Vətəndaş “Karaca” mağazasından şikayət etdi-Pulumu qaytarıb, müqaviləmi ləğv etmir…

Məcra.az Bakı şəhər sakini Elita Cavadovanın Azad İstehlakçılar Birliyinin sədri Eyyuba Hüseynova ünvanladığı şikayət məktubunu təqdim edir. Qeyd edək ki, E.Cavadova Bakıda yerləşən “Karaca” mağazasından şikayətçidir:

 

“Yazıb sizə bildirmək istəyirəm ki, 21.11.2022 tarixdə M.Hadi küçəsi 20A ünvanında yerləşən KARACA mağazasından satıcıların məsləhət gördüyü, təriflədiyi, onlara izah etdiyim  tələbatıma uyğun olan  frütoz apparatını kredit yolu ilə aldım. Malın ümümi dəyəri 269 AZN-dir. İlkin ödəniş 100 AZN ödəmişəm və mənə məhsulu alarkən zəmanət talonu təqdim olunmayıb. Məhsulu evə apardım və oğlumun israrı ilə kartof bişirdim. Bu aparat elə kartof bişirmək üçündür. Aparatdan istifadə qaydası qanunvericiliyin əksinə olaraq xarici dildədir.

 

Lakin bişirdiyim kartofun üstünün rəngi dəyişsə də, çiy qaldı. Mən elə həmin gün mağazaya müraciət etdim ki, bu mən istəyən məhsul deyil, axı bu kartofu bişirmir. Dedilər ki, gözləyin sizinlə texnoloq əlaqə saxlayacaq. Lakin iki gün gözlədim zəng gəlmədi. Malı işlətmədim. 23.11.2022 özüm əlaqə saxladım və mənə bildirdilər ki, 24.11.2022 tarixdə mağazaya yaxınlaşın. Mağazaya yaxınlaşdım və texnoloqa problemi bildirdim və xahiş elədim ki, dəyişdirin məhsulu və ya qaytarın. Dəyişməyə uyğun mal yox idi.Texnoloq bildirdi ki, bu organik kənd kartofu üçün deyil, mağazada hazır satılan kartof üçündür. Dedim ki, mən adi kartof üçün  sizdən xahiş etdim, sizdə tərifləyib dediniz ki, bu hər kartofu bişirir, yenə məni haqsız çıxardılar!  Lakin menecer texnoloqa dedi ki,  baxın mal normal vəziyyətdədirsə bəlkə qaytaraq.

 

Nəhayət bildirdilər ki, məhsulun vəziyyətinə baxılıb sonra qərar veriləcək. Məhsulu apardım və bildirdilər ki, servisə aparmalısınız. Məhsulu aparan zaman onlara  bəlli oldu ki, zəmanət talonu verməyiblər. Zəmanət talonunu həmin gün verdilər. Məhsulu servisə apardım və bu da mənə əlavə xərc oldu. Servis isə zəmanət talonu olmasına baxmayaraq məndən 10 AZN ödəniş aldı ki, yalnız ödəniş etdiyiniz zaman məhsula baxa bilərik. Servis məhsulu yoxladı və bildirdi ki, xarici görünüşü ideal vəziyyətdədir, lakin kartofu necə bişirməsini təəssüf ki, yoxlaya bilmirlər, çünki yağ töküb kartof bişirəcək xidməti yoxdur servisin. Mənə isə kartofu normal bişirməsi lazımdır!

 

Servisdən çıxıb yenidən dükana zəng edib aparatın qaytarılmasını xahiş etdim. Bildirdilər ki, heç bir halda məhsulu qaytarmayacaqlar, hara və kimə istəyirəm şikayət edə bilərəm, bizdə öz qaydalarımız var!

 

Mən isə qanunlarımı bilən vətəndaşam və bilirəm ki, 14 gün ərzində məhsulda qüsur aşkarlanrsa, onu dəyişmək və ya qaytarmaq hüququm var.

Xahiş edirəm yuxarıda qeyd olunan mağazanın özbaşınalığı və qanunazidd işləməsi haqqında müvafiq dövlət orqanlarına və KİV-ə məlumat verəsiniz. Mal qaytarılsın ödədiyim 110 azn mənə verilsin, müqavilə ləğv edilsin”.

 

Redaksiyadan: Azad İstehlkaçılar Birliyinin sədri Eyyub Hüseynova bizə bildirdi ki, mağazayla danışsa da, müsbət nəticə əldə olunmayıb. Buna baxmayaraq biz qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

PAGE TOP