Bu gün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin və “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlər aparılması üzrə danışıqların növbəti mərhələsini planlaşdırır. Bununla bağlı nümayəndə heyəti Xocalı rayonundadır.
Bu barədə İctimai Televiziya (İTV) məlumat yayıb.
Bir neçə gün öncə danışıqların birinci mərhələsi baş tutmuşdu. Əvvəlcə Xankəndi-Gorus avtomobil yolunun Şuşa-Daşaltı yolayrıcında Rusiya sülhməramlı kontingenti ilə müəyyən müzakirələr aparılsa da, daha sonra Xocalı şəhərində Rusiya sülhməramlılarının Qərargahında danışıqlar davam edib.
Rusiya sülhməramlı kontingenti Azərbaycan tərəfinin təkliflər paketini qəbul etdi, monitorinqlərin aparılması razılaşdırıldı. Hazırda nümayəndə heyəti bu istiqamətdə əlavə danışıqların aparılmasını planlaşdırır və monitorinqlərin ən yaxın zamanda baş tutması nəzərdə tutulur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirmək üçün Xocalıya yola düşüb.
APA-nın Şuşaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, müzakirələr Rusiya sülhməramlı kontingentinin Xocalıdakı qərargahında keçiriləcək.