CİNAYƏT İŞİ
Qısa arayış…
2021-ci il iyunun 17-də Binəqədi rayonu 6-cı mikrorayonda, “Pitomnik” adlanan ərazidə 1985-ci il təvəllüdlü Ramil Oruclu qətlə yetirilir. Onun çürüməyə məruz qalan meyiti 3 gün sonra, iyunun 20-də aşkarlanır. Dərhal hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları əraziyə cəlb olunaraq, araşdırmalara başlayırlar…
İstintaq-əməliyyat yolu ilə qətlin 1988-ci il təvəllüdlü Zeynal Zeynalov tərəfindən törədilməsi müəyyən edilib. Şübhəli şəxs yaşadığı evdə saxlanılaraq, bölməyə gətirilib və sorğu-sual zamanı dostunu öldürdüyünü etiraf edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ramilin meyiti
Lent.az məlum qətl hadisəsinin istintaq materiallarını əldə edib:
İstintaqla müəyyən edlib ki, Zeynal Zeynalov iyunun 17-i saat 16.30-da idarə etdiyi “Khazar” markalı 99 PC 486 dövlət qeydiyyat nişanlı avtomobildə tanışları Ramil Oruclu, Səttar Mehtiyev və Mikayıl Rzayevlə birlikdə hərəkətdə olduğu zaman, Ramil Oruclu narkotik vasitə almaq üçün pul lazım olduğunu bildirib. Zeynal Ramilə üzərində cəmi 7 manat olduğunu söylədikdə aralarında mübahisə yaranıb. Onu söydüyü üçün Ramili öldürmək qərarına gəlib. Maşını Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 32/31 saylı binanın qarşısında saxlayaraq, salonun saxlanc yerindən götürdüyü bıçaqla Ramil Orucluya 2 dəfə zərbə endirib. Səttar Mehdiyev və Mikayıl Rzayev avtomobildən düşəndən sonra, o, maşını Binəqədi rayonu, 6-cı mikrorayon, Rəşid Behbudov küçəsində, “Pitomnik” adlanan əraziyə sürüb və Ramil Oruclunun meyitini otluq sahəyə ataraq, hadisə yerindən uzaqlaşıb.
Hadisə baş verən ərazi
İş üzrə dindirilmiş Zeynal Zeynalovun sözlərinə görə, 15 ildir ki, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırıb. Ramil Oruclunu təxminən 20 ildir ki tanıyır:
“Onunla “Xutor” qəsəbəsində kirayədə yaşadığım zaman tanış olmuşam. Dostluq edirdik. 2021-ci il iyunun 17-də günorta müştərim Səttar Mehdiyev zəng edərək “Xocahəsən” qəsəbəsinə getmək istədiyini bildirdi. Onunla «Moskva» univermağının yanında görüşdük. Bu zaman parkda olan Ramil Oruclu və Mikayıl Rzayev yanımıza gəldilər. Ramil avtomobilin qapısına söykənərək Səttarla narkotik vasitə necə əldə edə biləcəkləri barədə məsləhətləşdi. Daha sonra Ramil Mikayıla avtomobilimə oturmasını dedi. Maşında Səttar yanımda, arxa oturacaqda Mikayılla Ramil əyləşdi. Hərəkətdə olarkən dostum özünə narkotik vasitə almaq üçün bizdən pul istədi. Üzərimdə olan 7 manatdan 4 manatı verə biləcəyimi deyəndə, Ramil həmişə “narkotik”çün pul yığılanda mənim belə etdiyimi bildirdi. Söyməməyini deyəndə, Ramil yol boyu dayanmadan ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətdi”.
Zeynal Zeynalov
Hadisə baş verən yerə yəni, Nəsimi rayon Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının yanına gələnə kimi, avtomobili 3 dəfə yolun kənarında saxlayıb dostundan maşından düşməsini tələb edib. Lakin Ramil söyüş söyməkdən əlavə, arxadan başına bir dəfə yumruqla zərbə vurub:
“Əsəbləşib, maşının saxlanc yerindən bıçağı götürdüm. Oturduğum oturacaqdan qismən arxaya çönüb bıçağı dostuma doğru yönəltdim və söyüş söyməyi dayandırmasa, onu vuracağımı bildirdim. Lakin Ramil bıçağı vurmayanın ünvanına ağır təhqiramiz ifadə işlətdi. Bu zaman necə olduğunu billmədən gördüm ki, artıq dostunun boğazından qan axır. Səttarla Mikayıl mənə dərhal Ramili xəstəxanaya aparmasını bildirdilər. Dostumun boğazına əski parçasını sıxaraq, təzyiqlə axan qanın qarşısını almağa çalışdım. DTX-nın inzibati binasının önündə Səttar və Mikayıl avtomobildən düşdülər. Maşını 6-cı mikrorayona sürdüm. Yolda Ramil huşunu itirdi. “Pitomnik” adlanan əraziyə çatanda artıq onun öldüyünü gördüm. Özümdən asılı olmayaraq Ramilin meyitini avtomobildən çıxarıb otluq sahəyə atdım və ordan uzaqlaşdım”.
Zeynalın avtomobili
Zeynal Zeynalov əlavə edib ki, bir neçə ildir ki, narkotik maddələr istifadə edir. Hadisəni törədərkən narkotik vasitənin təsiri altında olub. Törətdiyi əməldən çox peşmandır, zərərçəkmişi nəinki öldürmək, ona heç xəsarət yetirmək niyyəti olmayıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi Ramiz Orucov ifadəsində göstərib ki, iyunun 17-də oğlu Ramilin mobil telefonuna zəng daxil olanda o, kiminləsə danışaraq, gəlməyəcəyini dedi:
Zeynalın avtomobili
“Zəng edən şəxsin kim olduğu soruşanda Ramil mənə cavab vermədi. Bir müddətdən sonra oğlum işi olduğunu söyləyərək, evdən çıxdı və gecə evə gəlmədi. Bununla əlaqədar, ərizə ilə 19-cu Polis Şöbəsinə müraciət etdim. İyunun 20-də polis əməkdaşları mənə məlumat verdilər ki, 6-cı mikrayon ərazisində Ramilin meyitini aşkar ediblər. Oğlum əvvəllər narkotik vasitələrdən istifadə edirdi”.
Şahid Səttar Mehtiyev bildirib ki, Zeynal Zeynalovla hadisədən 6-7 ay əvvəl tanış olub:
Ərazidən tapılan telefon
“İyunun 17-də “Moskva” univermağının yanında olanda Zeynala zəng edib üzərimdə 8 manat olduğunu və narkotik vasitə axtardığımı dedim. Təxminən 10 dəqiqədən sonra tanışım avtomobili ilə yanıma gəldi. Arxa oturacaqda Ramil və tanımadığım daha bir şəxs əyləşdi. Ramil “Xutor” qəsəbəsindən narkotik vasitə alması üçün pul lazım olduğunu bildirdi. Mən üzərimdə 8, Zeynal isə 7 manat olmasını söylədik. Ramil Zeynala “keçən dəfə də pul verməmişdin” deyəndə, Zeynal həqiqətən 7 manat pulu olduğunu bildirdi və övladının canına and içdi. Ramil Zeynalın ailəsini və uşağını söydükdə, aralarında mübahisə başladı.
Əsəbləşən Zeynal DTX-nin inzibati binasının qarşısında maşını saxladı. Gümüşü rəngli bıçağı sağ əlində saxlayan sürücü geriyə çönərək, Ramilə “onu vuracağını” dedi. Bir anda Ramilin boğazından qan gəldiyini gördük. Avtomobilin qapısını açaraq düşdüm. Ardımca arxada əyləşmiş tanımadığım oğlan da çıxdı. Zeynal hadisə yerindən uzaqlaşdı. Ayın 19-da Ramilin Məzahirlə adlı qohumu ilə görüşdüm. Ona hadisə barədə məlumat verdim. Səhərisi gün eşitdim ki, Zeynal Ramili öldürüb, meyitini 6-cı mikrorayonda atıb”.
İş üzrə ittiham aktı
Şahid Tünzalə Cavadzadə ifadəsində, 2017-ci ildə Zeynal Zeynalovla ailə həyatı qurduğunu göstərib:
“Ərim narkotik vasitələrdən istifadə edirdi. Taksi fəaliyyəti ilə məşğul olan Zeynal iyunun 17-də səhər işə getdi. Evə gələndə paltarlarının qana bulaşdığını gördüm. Nə baş verdiyini soruşduqda, yoldaşım dalaşdığını bildirdi. Köynəyini və şalvarını zibil qabına atdı. Növbəti 2 gün evdə oldu. Ayın 20-i saat 21 radələrində polis əməkdaşları evimizə gələrək, onu bölməyə apardılar. Onda Zeynalın 3 gün əvvəl tanışı Ramil Oruclunu qətlə yetirdiyini bildim”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zeynal Zeynalov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.