Cəlilabad rayon Günəşli kəndində Vətən müharibəsi iştirakçısı, qazi Məmmədov Qurban Əlifağa oğluna rayonun xeyirxah adamlarının təşəbbüsüylə yeni ev tikilir.
Biz də Məcra.az saytının rəhbəri olaraq Cəlilabad Qazilər Birliyinin sədri, Qarabağ əlili Maşalla Əliyevin dəvətiylə Günəşli kəndinə getdik. Bizi Qurban Məmmədov və ailəsi qarşıladı. İlk öncə qazimizlə həmsöhbət olduq və o, bizə döyüş yolunu nəql etdi:
“Vətən müharibəsinə sentyabrın 29-da könüllü yollanmışam. Pulemyotçu kimi döyüşlərə qatıldım. Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etdim. Noyabrın 6-da Cəbrayılın Sığnaq kəndində minamyot atəşi nəticəsində kəllə-beyin travması aldım və ayağımdan yaralandım. Məni ordan Füzulidə yerləşən Əhmədbəyli hospitalına çatdırdılar. Müalicə olunduqdan sonra yenidən döyüşlərə qatıldım. Daha sonra isə ordu sıralarından tərxis olundum.
Döyüşdən sonra ayağımdakı problem düzəlmədi. Ağrılarım daha da şiddətləndi. Həkimlərin rəyinə görə ayağımdakı venoz damarı zədələnib və əməliyyat olunmalıdır. Uzun müddətdir ki, müalicə alıram. Mənim diaqnozumu yüngül yazdıqları üçün əlillik də ala bilmədim. Bu dəfə isə yenidən komissiyadan keçdim və sənədlərim əlillik təyin edilməsi üçün nazirliyə göndərildi. Ailəliyəm, iki oğlum var. Heç bir yerdən isə gəlir yerim yoxdur. Aldığım ancaq 80 manat veteranlıq puludur. Valideynlərim dünyasını dəyişib. Rayonda rəhmərliyinin diqqət və qayğısı nəticəsində mənə yeni ev tikilməsi üçün qərar verilib. Buna görə təşəkkür edirəm”.
Cəlilabad rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Qarabağ qazisi Fizuli Cəfərov bizimlə söhbəti zamanı bildirdi ki, qazi Qurban Məmmədov daim onların diqqətində olub. Qurban Məmmədova imkan daxilində əllərindən gəldiyi qədər köməklik ediblər.
Maşalla Əliyev isə dedi ki, Qurban Məmmədova yeni ev tikilməsi üçün o, Cəlilabad rayon prokuroru Vahid Məmmədova, Cəlilabad rayon Polis şöbəsinin rəisi Polad Qarayevə, Cəlilabad rayon Məhkəməsinin sədri Vüsal Cəbrayılova, icra başçısı Rafiq Cəlilova müraciət edib. Bundan sonra adı çəkilən rəhbər şəxslər öz əmək haqlarından vəsait ayıraraq qazinin evinin tikilməsi üçün tikinti materialları alıblar. Onu da qeyd edək ki, icra başçısının birinci müavini Qalib Xudaverdiyev və rayondan olan bir neçə xeyirxah insanlar da qazinin evinin tikilməsinə köməklik edib. Artıq evin dam örtüyünün quraşdırılması işi həyata keçiriləcək.
Qurban Məmmmədovun ata evinə biz də baxış keçirdik və məlum oldu ki, ev doğrudan da qəzalı vəziyyətdədir. Biz də öz adımızdan bu cür xeyirxah təşəbbüsə qoşulan şəxslərə öz minnətdarlığımızı bildiririk.
Vasif Əlihüseyn
Fotolar müəllifindir.