Nüfuzlu “əş-Şarq əl-Avsət”, “əl-Quds əl-Arabi”, “əl-Dustur”, “əl-Şuruq”, “samanyus”, eləcə də Fələstinin informasiya portalları, bir sıra televiziya kanalları mövzu ilə bağlı silsilə xəbərlər yayımlayıb.
Ərəb mediasında yayılan xəbərlərdə və reportajlarda dövlətimizin başçısının Azərbaycanın Qəzzada sülhməramlı qüvvələrin tərkibində iştirakla bağlı mövqeyi, eləcə də qlobal proseslər və ABŞ-la münasibətlər əsas diqqət mərkəzində olub.
İspandilli “Demcrata”, “Notimersa”, “Portaltela”, “Teleprensa”, “İtongadol”, “İnfobae” agentlik və portallarında dərc olunan xəbərlərdə də Azərbaycanın dövlət başçısının Qəzzada hər hansı əməliyyatlarda iştirak etməyin qeyri-mümkün olması ilə bağlı fikirləri yer alıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının əvvəllər Kosovo və Əfqanıstanda sülhməramlı missiyalar zamanı da heç bir hərbi əməliyyatda iştirak etmədiyini diqqətə çatdırıb.

Beynəlxalq iqtisadiyyat portalı “İnvesting.com”, İsrailin “The Jerusalem Post”, “Israelhayom”, “Time of Israel” qəzetləri, rus dilində nəşr olunan “Vesti İzrail” portalı, Bolqarıstanın “Dnevnik” nəşri, Yunanstanın “Skai” internet resursu da Azərbaycan Prezidentinin Yaxın Şərqdə münaqişələrə dair fikirlərini dərc edib. Materiallarda qeyd olunub ki, Prezident İlham Əliyev Qəzza zolağına sülhməramlıların göndərilməsi ilə bağlı yayılan yanlış məlumatları təkzib edib və bu xəbərlərin ilk mənbəyi olan ABŞ tərəfinə diplomatik kanallarla 20 sualdan ibarət müraciət çatdırdığını, həmçinin bununla bağlı təəssüfləndiyini bildirib.

Prezident İlham Əliyevin müsahibəsindəki əsas məqamlara Pakistanın “Ummat”, “Dawn”, Hindistanın “Shafaqna India”, İranın “Mehr” agentliyi, “Tahlil İran” və “Vista” portallarının dərc etdikləri materiallarda da geniş yer verilib. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı öz ölkəsinin Fələstinlə bağlı İslam Əməkdaşlıq Təşkilatının qərarlarına qoşulduğunu bildirib, amma Qəzzada, ümumiyyətlə, hər hansı xarici məkanda heç bir əməliyyatlarda iştirakın nəzərdə tutulmadığını bəyan edib.

















































