Cəlilabadda doğulub böyümüş, Vətən müharibəsində igidlik göstərmiş baş leytenant Ağaxan Ağayevdən söhbət açmaq istəyirəm. BDU-nun magistraturasını uğurla bitirmiş Ağaxan müəllim bir müddət orta məktəbdə riyaziyyat fənnini tədris edib. Sonra rayon təhsil şöbəsində çalışıb, 2-ci dərəcəli dövlət qulluqçusudur. Vətən müharibəsi başlanan kimi Qarabağa yollanıb və şərəfli döyüş yolu keçib.
Yaxasını Füzulinin və Qubadlının azad edilməsinə görə, eləcə də “Cəsur döyüşçü”medalları bəzəyən Ağaxan Ağayev zabit kimi Vətənin harayına yetməsi, şərəfli döyüş yolunu məhz qeyrət qalası Şuşada başa vurması və xalqımıza Zəfər Gününün tükənməz sevincini yaşadanlardan biri olması ilə fəxr edir. Hazırda doğma rayon təhsil şöbəsinin müdiri kimi məsul bir vəzifəni icra etsə də, hər an özünü Vətən üçün can əsirgəməyən əsgər sayır.
Zəfər Günü ərəfəsində məni cəsur döyüşçü Ağaxan Ağayevlə tanış etdiyinə görə şair dostum Ədalət Salmana minnətdaram. İllərdən bəri “Sözün işığı” qəzetinin baş redaktoru olan həmkarım həmin missiyası ilə Ağaxan müəllimin əməlin, hünərin işığında parlayan obrazını gözlərim önündə canlanandırdı. Şair onun qapısını göstərib dedi ki, görürsən, qəbul günü və saatları ilə bağlı heç bir lövhə yoxdur. Ağaxan müəllim bura gəldiyi ilk gndən həmin lövhəni çıxartdırıb. Yəni, qapısı hər bir təhsil işçisi, hər bir valideyn üçün istənilən vaxt açıqdır. Döyüşçü-müəllimlə iş otağındaca beş-on dəqiqəlik söhbətimiz də onun işıqlı aurasına düşməyim üçün yetərli oldu. İgid Vətən oğlunun döyüş tarixçəsi haqqında bəzi bilgilər əldə etdim.
Ağaxan Ağayev müharibənin barıt qoxusunu öncə Füzuli rayonunun Alxanlı kəndində duyub. Sentyabrın 27-də saat 7-30-da orada minaatan batareyanın taqım komandiri kimi ilk döyüşünə başlayıb. Dediyinə görə, yenicə formalaşan taqımda əsgərlər çox tezliklə doğmalaşaraq, bir-birinin qan, can və şan qardaşları olublar. Döyüşlərin ikinci günü tabor komandiri olan kapitanın minaya düşərək ayaqlarını itirməsi onların düşmənə olan nifrətini daha da coşdurub. Vəzifələri verilən koordinatlarla düşmən mövqelərini dəqiq nişan alıb vurmaq olan minaatanlar qat-qat artıq qisas almaqdan ötrü əllərindən gələni ediblər.
– Biz hər gün irəliləyirdik, – deyə o, bildirir. – Mənfur erməni silahlıları isə öz əsgərlərinin meyitlərini qoyub qaçırdılar. Partlayan mina və mərmi səslərindən yer-göy lərzəyə gəlirdi. 30 ilə yaxın işğal altında saxladığı əzəli torpaqlarımızda keçilməz istehkamlar qurmuş düşmən arxayın idi ki, biz əks-hücum əməliyyatları ilə heç nəyə nail ola bilməyəcəyik. Ya da, uzaq başı, döyüşlər 3-4 gün çəkəcək və onarın havadarları bizi yenə də atəşkəsə məcbur edəcəklər. Amma elə olmadı. Rəşadətli ordumuz bütün sədləri qıraraq addım-addım, kənd-kənd irəli getdi. Zəfər dalınca zəfər qazandıq. Çünki bu, müzəffər Ali Baş Komandanımızın əmri idi: öldü var, döndü yoxdur! Əsgərlərimizin Vətən eşqi elə coşmuşdu ki, bəziləri irəli atılanda tələb olunan ziqzaqvari hərəkət etməyi unudur, düz irəli şığıyırdılar. Əlbəttə, bu zaman itkilər də olurdu. Amma hər kəs ölümün gözünə dik baxır, kimsə düşmənə aman vermək istəmirdi.
Füzuli uğrunda gedən ölüm-dirim döyüşlərinin birində igid taqım komandiri sol qolundan yaralanıb. Ancaq düz iki gün savaş meydanından çıxa bilməyib və qolu şişib. Yalnız üçüncü gün onu sanitar maşını ilə hərbi hospitala apara biliblər. Zəruri müalicə prosedurlarını yarımçıq qoyub yenidən ön xəttə qayıdıb. Artıq onların batareyası xeyli irəli getmişdi. Komandir üçün darıxmış gənc əsgərlər sanki bir qədər də böyümüş, daha cəsarətli və dönməz olmuşdular. Burada “İgiddən güllə də qorxar” məsəlini xatırlayan baş leytenant Ağaxan Ağayev tam əminliklə düşünüb ki, çox çəkməz, belə qorxubilməz döyüşçülərlə külli-Qarabağ alınar və ən uca zirvələrdə üçrəngli, Ay-ulduzlu Azərbaycan bayrağı dalğalanar.
Elə də oldu. Keçilməz Füzuli səddi qarşısıalınmaz zəfər yürüşü ilə qəhrəmancasına aşılandan sonra Ağaxangilin döyüş yolu Qubadlıda davam etdi. Onlar düşmənin qərar tutduğu yüksəklikləri, postları dəqiq atəşlərlə məhv edə-edə üzü Laçına və Şuşaya doğru yön alırdılar.
– Əsgərlərimə baxdıqca, təxminən, onlarla yaşıd olan üç balamı xatırlayırdım, – Baş leytenant Ağayev xəyalən həmin günlərə qayıdır. – Döyüşdə komandir ikiqat məsuliyyət daşıyır. Mən də hər vasitə ilə çalışırdım ki, həm döyüş tapşırıqları doğru-dürüst yerinə yetirilsin, həm də əsgər balalara xətər toxunmasın. Çətin idi, amma Allahın köməyi ilə öhdəsindən bacardığım qədər gələ bilirdim. Şükürlər olsun ki, döyüşlərdə biz düşmənə nisbətən daha az itki verdik. Burada həm ali sərkərdəmiz cənab İlham Əliyevin daim bizə güc verən böyük qətiyyəti, həm ordumuzun ən müasir döyüş texnikasına malik olması və yüksək peşəkarlığı, həm də əsgər, gizir və zabitlərimizin qorxmazlığı həlledici rol oynayırdı.
Qubadlı alınandan sonra Ağaxanın təmsil olunduğu “N” hərbi hissəsi zəfər yürüşünü Şuşa istiqamətində davam etdirdi. Daşaltı uğrunda döyüşlər öz mürəkkəbliyi ilə daha çox seçilirdi. Düşmən yuxarıdan aşağıya od yağdırırdı. Azərbaycan Silahlı Qüvvələri isə hey irəliyə can atırdı. Bir tərəf vaxtilə havadarlarının hesabına zəbt etdiyi yerləri qorumaq istəyirdi, digər tərəfsə dogma ata-baba torpaqlarına qovuşmağa inadlı və intensiv cəhdlər göstərir, geri durmağı ağlına belə gətirmirdi. Xüsusi təyinatlı “qartallar” öndə, igid piyada qoşunları onların ardınca “İrəli!” əmri ilə Şuşaya doğru şığıdıqca, düşmən qaçmağa üz tuturdu. Artıq noyabrın ilk günlərində heç kəsdə zərrəcə şübhə qalmamışdı ki, müharibənin taleyi birdəfəlik həll olunmaq üzrədir.
Ağaxan müəllim deyir ki, müharibənin ilk günlərindən xalqın göstərdiyi güclü dəstək də hərbçilərimizi son dərəcə ruhlandırırdı. Onlara göndərilən paltar və ərzaq bağlamalarının arasında olan şagird məktubları sonsuz xeyir-dua ilə möhürlənmişdi. Həmin məktubları gördüyü anlarda müəllim olduğunu xatırlayan baş leytenant inam və sevgi dolu sətirləri sevə-sevə oxuyur, tezliklə gəlmə kafirləri son əsgərinə qədər, özü də Müzəffər Ali Baş Komandan demişkən, iti qovan kimi Qarabağdan qovub çıxarmaq eşqi ilə alışıb yanırdı.
Daha bir neçə gün keçdi və noyabrın 8-də Qarabağın tacı olan Şuşa da alındı. Həmin tarixi döyüşlərdə sağ gözündən yaralansa da, cəsur baş leytenant sanki qürurdan qanad taxaraq göyün yeddinci qatında pərvaz edirdi. Sonra, noyabrın 10-da Rusiya və Azərbaycan prezidentləri, eləcə də məğlub və mağmun ölkənin baş naziri müharibənin dayandırılması ilə bağlı Üçtərəfli bəyanat imzaladılar. Bu, əslində, işğalçı Ermənistan üçün kapitulyasiya aktı – biabırçı məğlubiyyətin etirafı idi.
Şuşa alındıqdan sonra Ağaxan müəllimin qulluq etdiyi hərbi hissə orada yerləşdirildi və 30 gün qala-şəhərin müdafiəsində dayandı. Beləcə, qismən səfərbərliklə ordu sıralarına qatılan, döyüş bayrağını libas edib geyinən cəsur döyüşçü, baş leytenant Ağaxan Ağayev Qarabağın işğaldan azad edilməsində şəxsi iştirakına görə taleyindən yerdən-göyə qədər razılıq edir.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri